“Qərb Azərbaycana qarşı silah embarqosunu yumşalda bilər” - AÇIQLAMA

Elxan Şahinoğlu: “NATO ilə əməkdaşlıq Azərbaycanın regiondakı təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır”

"Dağlıq Qarabağla bağlı mövcud status-kvo Azərbaycanın milli maraqlarına uyğun deyil. İşğalçı tərəf daim qarşı tərəfin üzərindəki təzyiqni hiss etməlidir. İşğal edilmiş torpaqların azad edilməsinədək Ermənistan narahat olmalıdır" - yanvarın 23-də mətbuat konfransı keçirən "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu belə deyib. E.Şahinoğlu bildirib ki, Ermənistan sərhəd xəttində atəşkəs rejiminin pozulmasını Azərbaycan tərəfdən edildiyini iddia edir. Əgər Azərbaycan həqiqətdən sərhəddə atəşkəs rejiminin pozulmasında ittiham edilirsə, bu o deməkdir ki, biz sadəcə Ermənistan tərəfinin açdığı atəşlərə cavab veriririk. Politoloq hesab edir ki, ümilikdə sərhəd xəttində vəziyyətin hansı yerdə olmasından asılı olmayaraq indiki məqamda müharibə başlamaq təhlükəlidir. E.Şahinoğlu qeyd edib ki, Rusiyada müharibənin başlamasında maraqlı deyil. Soçi olimpiyadasından əvvəl Rusiya regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır: "Digər tərəfdən yaxın illərdə Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarına ev sahibliyi edəcək. Lakin Rusiya Soçi olimpiyadasından sonra Azərbaycana qarşı təzyiqlərini artıra bilər. Bunun üçün Azərbaycan Qərb dövlətlərilə əlaqələrini genişləndirməlidir. Prezident İlham Əliyevin bu çərçivədə Brüssel səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər NATO baş katibinin dəvəti əsasında həyata keçirildi. Rusiyadan Azərbaycana təzyiqlərin artdığı dövrdə ölkəmizin NATO ilə əlaqələrinin genişləndirilməsi əla fürsətdir. Azərbaycan Rusiyadan gələn təhlükəni sovuşdurmaq üçün NATO və Qərb dairələrilə əlaqələrin genişləndirilməsi lazımdır. Azərbaycan indiyədək NATO ilə əməkdaşlığında üzərinə götürdüyü öhtəlikləri yerinə yetirib. Bu isə Azərbaycanın regiondakı təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli addımdır. Azərbaycan bundan istifadə edərək, bəzi məsələlərin həllində yararlana bilər. NATO ilə əməkdaşlığın genişləndirilməsi TAP və TANAP kimi beynəlxalq əhəmiyyətli layihələrin təhlükəsizliyinin təmin edilməsində böyük önəm daşıyır. Sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq bir qədər axsadı. Zakir Həsənovun dönəmində isə bu sahədə irəliləyişlərin olması inandırıcıdır. Azərbaycan Alyansla əməkdaşlığı çərçivəsində yeni hədəfləri qarşısına qoyacaq. Zakir Həsənovun Paris səfəri də Azərbaycan-Qərb əlaqələrinin, xüsusilə Fransa ilə hərbi əməkdaşlıq sahəsində mühüm əhəmiyyət kəsb edir. Bundan sonra Azərbaycan və Fransa arasında hərbi əməkdaşlığın qurulması mümkün ola bilər. Hərçənd ki, Qərb ölkələri və ABŞ Azərbaycan və Ermənistana silah satılmasına embaqro qoyublar. Bu səfər də həmin embarqonun tədricən yumşalmasına kömək olacaq. Hətta Fransa yaxın gələcəkdə Azərbaycana silah satışını da həyata keçirə bilər. Rusiya təhlükəsinin uzaqlaşdırılması üçün Qərblə əlaqələrin inkişaf etdirilməsi mütləq lazımdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00