“Yanukoviçə qarşı meydana yeni qüvvələr çıxacaq” -AÇIQLAMA

Qabil Hüseynli: “Xüsusi təyinatlılar meydanları boşaltmaq üçün rezinlə yanaşı canlı güllələrdən də istifadə edərək insanlar arasında xaos yaradırlar”

"Ukraynada baş verən proseslər xaosa doğru inkişaf edir. Xalq hökumətə qarşı qətiyyətlə dirəniş göstərir. İqtidarla müqayisədə xalq daha iradəli görünür" - Ukraynada baş verən proseslərə münasibət bildirən politoloq Qabil Hüseynli belə deyib. Q.Hüseynli bildirib ki, hakimiyyət Rusiyanın dəstəyilə polis qüvvələrini xalqın üzərinə yeridir. Silahlanmış iqtidarın xalq üzərindəki qələbəsi saxtadır. Politoloq hesab edir ki, V.Yanukoviç hökuməti bu mənada müvəqqəti olaraq qələbə qazanıb müxalifəti meydandan çıxara bilər: "Amma bunun Viktor Yanukoviç üçün ağır nəticələri olacaq. Çünki Qərb Ukraynada baş verənlərə biganə deyil. Artıq mitinqlərdə ölüm hallarının baş verməsi barədə məlumatlar yayılıb. Hökumət "Maydan"ı nümayişçilərdən təmizləməyi qarşısına məqsəd qoyub. "Berkut" iqtidarın qarşısına qoyduğu tapşırığı olduğu kimi yerinə yetirə bilir. Xüsusi təyinatlılar meydanları boşaltmaq üçün rezinlə yanaşı canlı güllələrdən də istifadə edərək insanlar arasında xaos yaradırlar. Qanlı hadisələr Ukrayna xalqının V.Yanukoviçə olan nifrətini daha da artıracaq. Lakin hadisələrin səngiməsi də mümkün oluna bilər. Bu az ehtimal olunur. Amma dünya ictimaiyyəti və xalq Viktor Yanukoviçə qarşı meydanlara yeni qüvvələr çıxaracaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00