Yorulmuş lideri... istirahətə göndərərlər
İsa Qəmbər “daha bezmişəm, başqanlıqdan getmək, bir araşdırma mərkəzi yaratmaq istəyirəm” deyib
22 Yanvar 2014 15:29 SiyasətMəşədi Cəfər
Bu günlərdə köhnə hərəkatçılardan biri ilə oturub çay içirdim. Söhbət hərlənib-fırlanıb AXCP-Müsavat savaşının üstünə çıxdı. Dostum deyəsən, AXCP təbliğatının təsirində idi. Fuad Qəhrəmanlının tezisləri əsasında danışırdı. "Müsavat düşərgəni dəyişdi", "Əyalət müsavatçıları AXCP-yə keçəcək", "2015-ci ildə Müsavata heç nə verməyəcəklər, bazarlıq olsa, elə Milli Şura ilə olacaq" filan. Bahar Muradovanın sözü olmasın, günün tələblərinə cavab verən möhtəşəm analitik çıxışımla veteran hərəkatçı dostumu tərksilah elədim. Əli Şəriətidən dini, Natiq Ədilovdan siyasi sitatlar gətirib, dostumu səhv düşündüyünə inandırdım. Dedim, a kişi, Müsavat Milli Şuradan çıxdı, MDH oldu kimi laflara önəm vermə, boş şeylərdi. Müsavatla AXCP 20 ildi savaşıb, amma yenə meydandadırlar. Hər seçkidə barışırlar, seçkidən sonra yenə dalaşırlar. Əl-qərəz dostumun bütün dediklərini boşa çıxardım. İsa Qəmbərin guya qədeşlər demiş çerez Bahar Muradova Oqtay Əsədovdan mandat istəməsi kimi fuadvari söhbətlərin uğursuz şayiə olduğunu anlatdım. Bu əməlimdə uca həqiqətə xidmət etdiyimi düşünüb Seymur XXX demiş, xoşbəxt olmuşdum ki, veteran hərəkatçı dostum ikinci zərbəni vurdu. "Yaxşı, buna sözüm yoxdu. Düz deyirsən, ola bilsin, bunlar cəbhəçilərin şayiələridir, bəs buna sözün nədir ki, İsa Qəmbər -Milli Şuradan istefa vermiş tanınmış politoloqa deyib ki, başqanlıqdan bezmişəm, urvatlı şəkildə getmək, bir araşdırma mərkəzi yaradıb rəhbərlik etmək istəyirəm,-deyib, deyəndə matım-qutum qurudu. Bir anlıq şok keçirib, "bəs bu adamı Süleyman Dəmirəllə, nə bilim Çe Gevara ilə müqayisə edirdilər" deyə, düşündüm. Deməli, üzdə, qəzet səhifəsində möhtəşəm, dönməz görünən partiya liderləri də yorular, usanarmış. Onlar da adi məişət planları qurarmış. Zarafat döyül e, cəmi 10 il öncə tərəfdarlarına "Qələbə"yə qədər siz gedin. Ordan o yana ağdamlılar demiş, qaqanlıqdı" deyən yekə bir partiyanın, blokun rəhbəri indi bu cür danışır, sakit bir guşəyə çəkilmək istəyir.
Sual oluna bilər ki, burda nə var axı? Hamı yorula bilər, hər kəs usana bilər. Düzdür, hər kəs yorula bilər. Amma qınağım buna deyil ki. Onadır ki, illərdir bu adamları tanıyanlar deyir ki, ay balam, ay başqan, ay sədr, yerini müavininə, yardımçına ver, gənclərə meydan aç, özün də kənara çəkil. Axı adam nə qədər uduzar, seçkidən sonra da "mənəvi qələbə qazandıq" deyər? Normal ölkədə uduzan partiyanın lideri istefa verir. Gedib başqa işlərlə məşğul olur. Futbolçu karyerasını bitirib ya məşqçi olur, ya da idman şərhçisi işləyir. Bildiyi iş budur axı. Siyasətçi də partiyadan ayrılandan sonra gedib bostan əkəsi deyil ki. Ya siyasi şərhçi olmalıdır, ya hüquq müdafiəçisi, ya da hansısa qəzetdə məsləhətçi. İsa Qəmbər ixtisasca şərqşünasdı. Elmlə də məşğul ola bilər. Siyasəti də az-çox bilir, politoloq kimi də çalışa bilər. Amma bəyin özü araşdırma mərkəzi açmaq istədiyini deyib. Allah arzusuna çatdırsın, partiya başqanı kimi hədəfə çata bilmədi, bəlkə politoloq kimi uğurlu fəalliyyət göstərər. Onu da deyim ki, onun bu niyyətini mən də daxil 3 adam bilir ha. Sizi and verirəm, uca Şirvinin ruhuna ta heç kim bilməsin. Bir yerdə danışıb eləməyin.