“Ukraynada vətəndaş müharibəsi baş verməyəcək” - FİKİR

Elçin Mirzəbəyli: “Əgər Rusiya Ukraynanın daxili işlərinə qarışarsa, proseslər daha sərt məcraya yönələcək”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Ukraynada vətəndaş müharibəsinin başlanması ehtimallarını şərh edib. E.Mirzəbəyli bildirib ki, Ukraynada davam edən gərgin proseslərin vətəndaş müharibəsinə çevriləcəyi gözlənilən deyil. Çünki ən azından vətəndaş müharibəsində silahlı qruplar iştirak etməlidir. Məsələ daha sərt müstəviyə keçməlidir. BAXCP rəsmisi hesab edir ki, Ukraynada baş verənlər Prezident Viktor Yanukoviçin səhvlərindən qaynaqlanır. Xalqa verilən vədlərin yerinə yetirilmədiyini deyən E.Mirzəbəylinin sözlərinə görə, bu eyni zamanda da aksiyaların keçirilməsi ilə bağlı qadağaların ortalığa çıxması əvvəlcədən razılaşdırılmamış məsələ idi: "Xüsusilə həssas dönəmdə Ukraynanın dövlət başçısı belə bir addım atmalı deyildi. Proseslər artıq sərt müstəviyə keçib. Son nəticədə hökumətin istefaya getməsi gözləniləndir. Hadisələr tamam başqa istiqamətə inkişaf etsə, hökumət geri çəkilə bilər. Lakin bütün bunlara baxmayaraq ukraynların biri-birinə silah qaldıracağı inandırıcı deyil. Əgər Rusiya Ukraynanın daxili işlərinə qarışarsa, proseslər daha sərt məcraya yönələcək. Bu isə təkcə Ukrayna üçün yox, Rusiya üçün də ciddi problemlərə yol açacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00