“Əli Kərimli bu dəfə Müsavata qarşı barıtı çox elədi” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Nüfuz müharibəsində AXCP-nin heç bir şansı yoxdur”
22 Yanvar 2014 12:55 SiyasətPolitoloq Cümşüd Nuriyev mətbuatda AXCP-in Müsavat Partiyası ilə mübarizə aparmaqdan geri çəkilməsi barədə yayılan məlumatlara aydınlıq gətirdi. C.Nuriyev bildirdi ki, AXCP və Müsavat arasında "atəşkəs" elan olunmayıb, vəziyyət əvvəlki kimi - gərgin olaraq qalır. C.Nuriyev qeyd etdi ki, Müsavat AXCP-in hücumları qarşısında sadəcə müdafiə taktikasını seçdi. Partiya üçün Xalq Cəbhəsinə qarşı ən yaxşı müdafiə etdiyi hücumdur. Politoloq hesab edir ki, AXCP indiki məqamda sadəcə iç üzünün açılmasından ehtiyat edir. İndiyədək Əli Kərimlinin yürütdüyü siyasi dəsti-xəttə müxalifət daxilindən heç bir partiyanın toxunmadığını deyən C.Nuriyevin sözlərinə görə, həmin partiyalar AXCP-dən fərqli olaraq müxalifətin parçalanmasını istəmirdilər. C.Nuriyev vurğulayıb ki, Əli Kərimli isə müxalifətin bu mövqeyindən həmişə yararlanıb: "Amma bu dəfə AXCP sədri Müsavat Partiyasına qarşı hücumda barıtı bir az çox elədi. Məlum oldu ki, barıt çox olduğu üçün Əli Kərimli öz qabını partladıb. Buna görə cəbhəçilər susmağa məcbur oldular. Çünki tutarlı hücum üçün Əli Kərimlinin "ağır topları" yoxdur. Sadəcə olaraq AXCP şər-şəbədə yazanları var. "Yeni Müsavat" qəzeti AXCP haqqında konkret faktlarla çıxış etdi. Bununla Müsavat AXCP-ın qurbağa gölünə daş atdı. Müsavatçılar öz missiyalarını başa çatdırdılar. Çünki mavr öz işini gördü. Milli Şuranı dağıtdı, Müsavatı qurumdan çıxardı. Hal-hazırda Milli Şurada guya Eldəniz Quliyev kimi etniklərin hüquqlarını qoruyan adamlar qalıb. Bir hissəsi əli kərimlikimilər, bir hissəsi də Moskvanın tapşırığını yerinə yetirən agentlərdir. Digər qisimini isə xaricin tapşırğı ilə məcburi orada qalanlar təşkil edir. Milli Şurada hal-hazırda nüfuz müharibəsi gedir. Həmin mübarizədə isə AXCP-ın heç bir şansı yoxdur". ("OLAYLAR" İA)