20 Yanvar şəhidləri Mingəçevirdə anılıb
21 Yanvar 2014 16:13 Siyasət"İdeal" Gənclər İctimai Birliyi Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirib. Şəhid Azər Niftəliyev adına Mədəniyyət Evində keçirilən mərasim şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbiri giriş sözüylə açan birliyin sədr müavini, Mingəçevir Dövlət Dram Teatrının aktyoru İbrahim Türksoy 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu bildirib. İ.Türksoy qeyd edib ki, 20 Yanvar yaddaşlara rus imperializminin qanlı cinayəti kimi daxil olub. İB rəsmisi vurğulayıb ki, 20 yanvar Faciəsi həmçinin Azərbaycan xalqının mübarizlik səhifəsidir: "Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. O hadisələri müstəqillik mübarizəmizin dönüş nöqtəsi hesab etmək olar". İB sədri Teymur Əzizov xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvarın təkcə faciə, hüzn günü kimi deyil, həm də tariximizin şərəfli səhifəsi, mübarizlik və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirməyin vacibliyindən danışıb. Mərasimdə faciə gecəsi lentə alınmış kadrlardan ibarət video çarx nümayiş etdirilib. Şəhidlərin ruhuna ehsan verilib. Tədbir iştirakçıların Şəhidlər Xiyabanını ziyarətiylə başa çatıb. ("OLAYLAR" İA)