NATO qərargahından Ermənistana yönələn mesaj

Elman Nəsirov: “Azərbaycan prezidentinin NATO-da söylədiyi fikirlər Ermənistanda təsirli olmalıdır”NATO qərargahından Ermənistana yönələn mesaj

Bu günlərdə Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenlə də görüşüb. Görüşdə NATO-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyən baş katib Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatları zamanı Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. NATO-nun baş katibi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi, o cümlədən Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından mühüm ölkə olduğunu deyib, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Azərbaycan dövlət başçısı İlham Əliyev isə NATO-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib, O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirak etməsinin önəmini vurğulayıb. Prezidentin NATO baş katibi ilə görüşü zamanı diqqəti çəkən əsas məqamlardan biri də dövlət başçısının Cənubi Qafqaz regionunda baş verən proseslər, xüsusilə Ermənistanın təcavüzkarlıq siyasətinə diqqət çəkməsi olub. Ermənistanla Azərbaycan arasında mövcud olan münaqişəni regional təhlükəsizliyə və sabitliyə əsas təhlükə hesab edən prezident İlham Əliyev deyib ki, münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə tezliklə nail olmalıyıq: "Çünki münaqişənin başlanğıcından çox vaxt ötür və uzun müddətdir ki, torpaqlarımız işğal altındadır. Bu, iyirmi ildən artıqdır ki, davam edir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və o, bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yəqin ki, bilirsiniz, Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən bir neçə rayon da iyirmi ildən çoxdur ki, işğal altındadır. Erməni təcavüzü nəticəsində bir milyon insan evsiz qalıb. Mənim Ermənistan prezidenti ilə son görüşüm əvvəlki görüşlə müqayisədə ola bilsin ki, daha nikbin keçib. Ermənistanın danışıqlara getməməsi səbəbindən danışıqlar prosesində uzun durğunluq yaşandı. Biz yenə də tərəddüd edirik: Ermənistan tərəfi danışıqlar prosesində səmimidir, yoxsa sadəcə mövcud status-kvonu qoruyub saxlamağa çalışır? Bununla belə, Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri olduqca aydın şəkildə bəyan etdilər ki, mövcud status-kvo qəbuledilməzdir. Biz bunu Ermənistana ciddi mesaj kimi qəbul edirik, çünki status-kvonu dəyişmək üçün onlar bizim ərazilərimizdən çıxmağa başlamalıdırlar". Bəs görəsən işğalçı ölkə Azərbaycan prezidentinin NATO-nun mənzil qərargahında səsləndirdiyi fikirləri doğurdan da ciddi mesaj kimi qəbul edəcəkmi?

Politoloq Elman Nəsirov deyib ki, prezident İlham Əliyevin NATO-dakı çıxışı xüsusi məzmun və əhəmiyyət kəsb edib: "Çünki NATO hərbi-siyasi təşkilatdır. Düzdür, əvvəl NATO hərbi təşkilat idi. Ancaq sonradan onda baş verən transformasiyalar nəticəsində, yeni geopolitik reallıqlarda NATO hərbi-siyasi təşkilata çevrildi. Ancaq burada birinci element hərbidir. Bu nöqteyi nəzərdən Azərbaycan prezidenti NATO tribunasında münaqişə barədə danışarkən burada hərbi məqamlar daha çox diqqəti cəlb etdi. Dövlət başçısı münaqişə barədə danışarkən həmçinin NATO rəhbərliyinə o ismarıcı göndərdi ki, münaqişənin dinc yola tənzimlənməsi müşkül olarsa belə olan təqdirdə hərbi yoldan istifadə məsələsi aktuallaşa bilər. Çünki NATO ilk növbədə hərbi təşkilatdır. Ona görə də bu təşkilatla həmin konteksdə danışmaq daha anlaşıqlıdır". Ekspert deyir ki, Azərbaycan prezidentinin NATO-da Ermənistanın işğalçılıq siyasəti ilə bağlı söylədiyi fikirlər və rəsmi Bakının mövqeyinin bir daha ortaya qoyilması Ermənistanda təsirli olmalıdır: "Ermənistan mətbuatını izləsək görərik ki, Azərbaycan prezidentinin NATO-dakı bu çıxışına xüsusi diqqətlə yanaşılıb. Həmçinin hesab edirəm ki, bundan nəticə də çıxarmalıdırlar. Çünki münaqişə bu şəkildə davam edə bilməz. Hər bir şeyin bir sonu, limiti olduğu kimi münaqişənin də bir sonu olmalıdır". Elman Nəsirov bildirib ki, prezidentin NATO-da çıxışı zamanı verdiyi mesajlar həmin təşkilata da bir növ ismarıcdır: "Yəni, NATO və dünya birliyinin digər təşkilatları da gərək bu vəziyyətə düzgün qiymət versinlər. Çünki hadisələr heç də gözlənildiyi kimi yalnız dinc tənzimlənmə istiqamətində getməyə bilər. Hadisələr məcrasını dəyişə, proseslər hərbi müstəviyə keçə bilər. Hesab edirəm ki, hərbi təşkilat olan NATO-da Azərbaycan prezidentinin belə bir mövqe bildirməsi olduqca aktualdır və xüsusi əhəmiyyət kəsb edən bir hadisədir". Elman Nəsirov bildirib ki, ümumilikdə dövlət başçısı dəfərlərlə Azərbaycan dövlətinin xarici siyasətinin, bütün ölkənin qarşısında dayanan bir nömrəli problemin Dağlıq Qarabağ münaqişəsi olduğunu söyləyib: "Dövlət başçısı bütün imkanlardan, beynəlxalq tribunalardan istifadə edir ki, Ermənistanın aqressiv siyasəti və onun nəticələri ilə bağlı həqiqətləri dünyaya çatdırsın. Cənab prezident dəfələrlə vurğulayıb ki, münaqişənin iki həlli yolu var. Biri dinc, digəri hərbi həll yoludur. Azərbaycan problemin dinc yolla həllinə üstünlük verir. Ancaq Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirmir. Hadisələrin fərqli istiqamətdə inkişafına görə, bütün məsuliyyət Ermənistanın, onu himayə edən tərəflərin üzərinə düşür. Məsuliyyət, eyni zamanda bu münaqişə ilə məşğul olan ATƏT-in, beynəlxalq birliyin üzərinə düşür. Cənab prezident Brüsselə səfəri zamanı NATO-da keçirdiyi görüşlərdə də bu məsələni əsas diqqət mərkəzində saxladı".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00