“Qərb Ukraynanın Gömrük İttifaqına getməsindən narahat deyil” - AÇIQLAMA

Vəfa Quluzadə: “Vəziyyətdən çıxış yolu üçün xalq qarşıdan gələn prezident seçkisində Yanukoviçə birmənalı münasibətini bildirməlidir”

Ukraynada polis qüvvələri ilə xalq arasında başlayan qarşıdurmalara münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə, Ukraynada davam edən proseslərin çəkisi getdikcə ağırlaşır. Dünya ictimaiyyəti də hadisələrin nəticəsini gözləyir. V.Quluzadə bildirdi ki, Ukrayna xalqı yenidən Rusiyanın koloniyasında olmaq istəmir. Meydana çıxan geniş insan kütləsinin Rusiyameyilli qüvvələrlə döyüşməyə hazır olduğunu deyən V.Quluzadə hesab edir ki, Ukraynada vətəndaş müharibəsinin başlanması arzuolunan deyil. Politoloq qeyd etdi ki, bu ölkədə baş verən hadisələrlə bağlı konkret proqnoz vermək çətindir. Ukraynanın düşdüyü vəziyyətdən çıxış yolu üçün xalqın qarşıdan gələn seçkilərdə prezident Viktor Yanukoviçə birmənalı münasibətini bildirməsinin vacib olduğunu vurğulayan V.Quluzadə əlavə etdi ki, paytaxt Kiyevdə keçirilən mitinqlərin Yanukoviçin istefaya getməsinə imkan yaradacağı hələlik müəmmalıdır: "Çünki heç bir lider öz xoşu ilə vəzifəsindən imtina etmir. Viktor Yanukoviç də axıradək vəzifədə qalmağa çalışacaq. Amma bu cür hadisələr prezidentin kreslosunu laxladır. Yanukoviçin Ukraynadakı mövqeyi zəifləyir. Məsələnin normal siyasi yollarla həll edilməsi daha yaxşı nəticələr ortaya qoyacaq". Brüssel və Moskvanın məsələ qarşısındakı mövqeyinə toxunan Vəfa Quluzadə bildirdi ki, Rusiya Ukraynaya qoşun yeritmək fikrində deyil. Qərbin də məsələ barədə mövqeyi açıq şəkildə ortadadır. Politoloq hesab edir ki, Brüssel Ukraynanın Gömrük İttifaqına getməsindən narahat deyil: "Qərb Ukraynanın Gömrük İttifaqına əziyyət çəkə-çəkə getməsini istəyir. Rusiya Ukraynaya 15 milyard dollar verib, Qərb isə belə bir addım atmaq fikrində deyil. Ona görə yox ki, Qərbin maliyyə imkanları kasaddır, sadəcə olaraq buna ehtiyac hiss etmir. Rusiyadan fərqli olaraq Qərb başa düşür ki, Ukraynanı satın almaq düzgün deyil. Brüssel gözəl bilir ki, Ukrayna SSRİ-dən zor gücünə ayrılaraq Avropa modelində ölkə qurub. Sadəcə olaraq Ukrayna bütün bu məsələləri gündəmdə saxlamalıdır. Rusiya iqtisadiyyatı keçmiş Sovet texnologiyası üzərində qurulub. Qərb belə bir ölkəyə qarşı addım atmağa ehtiyac duymur. Qərb bu müstəvidə Ukraynaya görə Rusiya ilə əlaqələri qırmağa hazırlaşmır. Ukrayna qərarını özü verməlidir. Müxalifət cəbhə birləşib. Yanukoviçin yerinə Qərbmeyilli qüvvəni hakimiyyətə gətirə bilsə, Ukraynanı Avropa ölkəsinə çevirəcək. Əks təqdirdə isə vəziyyət olduğu kimi qalacaq. Vərəndaş müharibəsi isə ən pis çıxış yolu olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00