Bişkekdəki 30 kitabxanada 20 Yanvar faciəsi qeyd edilib
21 Yanvar 2014 14:17 SiyasətTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkek şəhər kitabxanalar sistemi ilə birgə "20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu" adlı elmi-praktiki konfrans keçirib. Fonddan "OLAYLAR"-a daxil olan məlumata görə, konfrans Bişkek şəhər kitabxanalar sisteminə daxil olan bütün kitabxanalarda eyni vaxtda keçirilib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu bu məqsədlə əvvəlcədən Bişkek şəhər kitabxanalar sisteminə daxil olan 30 kitabxanın hər birinə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş "Azərbaycanlılara qarşı soyqırım gerkəkliyi" kitabından 30 nüsxə verib. Bişkek şəhər kitabxanalar sisteminin direktoru Gülsayra Dandıbayeva elmi-praktiki konfransı giriş sözü ilə açaraq 1990 cı il yanvar ayında Azərbaycan xalqının başına gətirilən faciədən danışıb. Daha sonra Fondun prezidenti Nüsrət Məmmədov çıxış edərək 24 il əvvəl törədilmiş 20 Yanvar faciəsini insanlığa qarşı yönəlmiş qatı cinayət olduğunu bildirib. O, qeyd edib ki, xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür. Çıxışının sonunda Nüsrət Məmmədov tədbirin nəticəsi olaraq qəbul edilən bəyanatın Qırğızstandakı beynəlxalq qurumların təmsilçilərinə göndərilməsinin təklif edib. Tədbirin sonunda Azərbaycanın başına gətirilən faciələrdən bəhs edən film nümayiş olunub və tədbir iştirakçıları, kitabxanın oxucularına Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş "Azərbaycanlılara qarşı soyqırım gerkəkliyi" kitabı hədiyyə edilib.