20 Yanvar şəhidləri Haaqada anılıb

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi “20 Yanvar- Müstəqilliyə aparan yol” adlı debat keçirib

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi yanvarın 18-də "20 Yanvar - Müstəqilliyə aparan yol" adlı debat keçirib. Debatda Haaqa və digər şəhərlərdə yaşayan soydaşlarımız, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirinin müavini Fərid Zeynallı, Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, "Odlar Yurdu" təşkilatının rəhbəri Firəngiz Bağırova, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nümayəndəsi Elsevər Məmmədov, Niderland Azərbaycanlı Gənclər Birliyinin üzvləri iştirak ediblər. "Ana Vətən" Niderland Azərbaycan Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyevaya 20 Yanvar faciəsinin xalqımızın tarixinə şərəf səhifəsini yazdığını qeyd edib: "Hər bir xalqın tarixində faciəvi günlər olur. Ancaq bu faciə həm də həmin xalqa müstəqillik gətirirsə, o zaman onun tarixinin şərəf səhifəsinə çevrilir. 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı müstəqillik naminə ilk qurbanlarını verib. Ancaq istiqlaliyyət asan əldə edilməz və heç bir imperiya könüllü şəkildə xalqın müstəqilliyinə qovuşmasını qəbul etməz. Bu baxımdan da 20 Yanvar müstəqilliyə gedən yolumuzdu, 20 Yanvar rus imperiyası qorxusunu sındıran dönüş nöqtəsidi, 20 Yanvar matəm deyil, şərəf səhifəmizdir. Bu faciə keçmiş postsovet ölkələrinin müstəqilliklərinə qovuşmasında da böyük rol oynayıb". Debatın aparıcısı Elnaz Sangin bu gün faciəyə fərqli rakursdan yanaşılacağını bildirib. "Adətən 20 Yanvar hadisələrinin anım mərasimləri sitəmlə, ağlayıb-sızlamaqla keçirilir. Ancaq bir şeyi xatırlatmaq istəyirəm ki, bu gün bizim matəm günümüz deyil, biz ölən şəhidlərimizin ruhunu ehtiramla anıb, gələcək barədə düşünməli, gənclərimizə əsil tarixi faktları öyrətməli, hadisələrə fəqrli yanaşmalıyıq. Odur ki, bugünkü debatımızda azərbaycanlılar bir araya gələrək "20 Yanvar faciəsinin baş verməsi labüd idimi və yaxud bu faciənin qarşısı alına bilərdimi", "Biz kimik", "Qürbət ölkələrə hansı xüsusiyyətlərimizi gətirib, vətənə nələrlə dönəcəyik", "20 Yanvar və Xocalı faciələri xalqımıza nələri öyrədib", "Azərbaycanlı olaraq xarici ölkələrdə necə yaşamalıyıq", "Azərbaycanlıların hansı müsbət, hansı mənfi xüsusiyyətləri var" və sonda "Bir olmaq, özümüzü düzgün təqdim etmək üçün nə etməli" kimi suallar ətrafında müzakirələr aparacağıq". 3 saat davam edən debatda qoyulan suallara aydınlıq gətirilib və xarici ölkələrdə yaşayan soydaşlarımızın, diasporamızın üzərinə düşən vəzifələrdən söhbət açılıb. Azərbaycanın Niderlanddakı səfirinin müavini Fərid Zeynallı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Elmira Süleymanovanın "1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanatını birliyin fəallarına təqdim edib. "Odlar Yurdu" təşkilatının rəhbəri Firəngiz Bağırova birliyə Azərbaycandan gətirdiyi kitab və SD-diskləri hədiyyə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00