Heydər Əliyev Fondu Türkiyədə konfrans keçirib

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursa şəhərindəki Uludağ Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfrans təşkil edib. "OLAYLAR"-ın fonda istinadən verdiyi xəbərə görə, tədbirdə universitetin tələbə-müəllim heyəti, Bursa şəhərinin rəhbərliyi iştirak edib. Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov Sovet İttifaqının dağıldığı dövrdə öz dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən, ermənilərin, onların havadarlarının məkrli siyasətindən danışıb. O, həmin günlərdə məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qətliamın günahkarlarını ifşa etdiyini xatırladıb. Konfransda çıxış edən professor Göksəl İşyar və dosent Barış Özdal əsrlər boyu ermənilərin Azərbaycanda və Anadoluda törətdikləri qırğınlardan, o cümlədən 20 Yanvar və Xocalı faciələrindən söz açıblar. Sonda konfrans iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00