Daşkənddə 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Azərbaycanın Özbəkistandakı Səfirliyinin təşkilatçılığı ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulmuşdur.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotostend, eləcə də Qara Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi ilə tanış olmuşlar.
Tədbirdə 20 yanvar faciəsinə dair "Lider televiziyası" tərəfindən lentə alınmış sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan biri olan 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında məlumat vermişdir.
Diqqətə çatdırmışdır qanlı faciədən bir neçə gün əvvəl Rusiyanın Stavropol, Krasnodar və Rostov vilayətlərindən muzdlular toplanmış və yanvarın 19-da sovet imperiyasının qoşunları ilə birgə Bakıya yeridilmişdir.
Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu hadisələrə ilk dəfə olaraq sərt mövqe bildirdiyini, xalqımızın ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib mətbuat konfransında başda Mixail Qorbaçov olmaqla, Sovet rəhbərliyini tənqid edən bəyanat verdi və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırdı. O, çıxışında qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra faciəyə ilk dəfə olaraq hüquqi qiymət verilmişdir.
Şəhidlərin əziz xatirəsinin Azərbaycan dövləti tərəfindən əbədiləşdirildiyini, Azərbaycan xalqının 20 yanvar şəhidlərini heç vaxt unutmayacağını bildirən səfir Hüseyn Quliyev Azərbaycanın həmişə sülh istədiyini və sülh ideyalarına sadiq olduğunu qeyd etmişdir.
Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov, özbək şairi Sunnatulla Suleymanov, jurnalist Şövkət Əliyeva və başqaları sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını və iştirakçılarını lənətləmişlər.
Anım günündə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Mərasim iştirakçıları arasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın müraciəti yayılmışdır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00