“20 Yanvar faciəsi Rusiya və xristian dünyasının “Xaç yürüşü” idi” - Nəsir Ağayev
““Şəhidlər Xiyabanı” Azərbaycan xalqının iradəsinin nümunəsidir”
17 Yanvar 2014 16:41 Siyasət"20 Yanvar faciəsi Rusiyanın Azərbaycana "Xaç yürüşü"nün nəticəsidir. Rus imperiyası heç vaxt Azərbaycana qarşı sağlam münasibətdə olmayıb. Bu gün də Kremlin yaxın ətrafına qarşı yürütdüyü siyasət ikili standartlara əsaslanır" - 20 Yanvar faciəsinə münasibət bildirən Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev belə deyib. N.Ağayev qeyd etdi ki, 1990-cı ilin 20 Yanvarında Rusiya ilə yanaşı, bütün xristian dünyası və Roma papası türkün cəzalandırılması işində iştirak ediblər. Dünya ictimaiyyəti həmişə türkü özünə qarşı ən böyük təhlükə hesab edib. N.Ağayev bildirdi ki, tarixin ayrı-ayrı dövrlərində Moldova, Bolqarıstan, Krım, Çin, İran və dünyanın bir sıra ölkələrində türklərə qarşı müxtəlif təzyiqlər göstərilib: "Proseslər bu gün də davam edir. Xristian dünyası həmişə türkü-türkə qarşı qoymaq siyasətinə sadiqdir. Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxması dünya ölkələrinin türk düşmənliyinin bariz nümunəsidir. Türk dünyasına qarşı olan radikal münasibətlərin hamısı bir xəttin üzərindən idarə olunur. 20 Yanvar faciəsi də SSRİ başçısı Mixail Qorbaçov, ABŞ prezidenti Ronald Reyqan və Roma papasının razılaşması əsasında baş verib. Həmin dövrdə etiraz olaraq Azərbaycan xalqı Azadlıq Hərəkatına başlamalı idi. Çünki Azərbaycan torpaqları təhlükələrlə üz-üzə dayanmışdı. 20-ci illərdən başlayaraq Azərbaycan ərazisi kiçilə-kiçilə gəlirdi. Dünya ictimaiyyəti 94 min kvadrat km-lik ərazisinin 86.6 min kv.km kimi azaldılmasına münasibət bildirmədi. Dünya ölkələri, xüsusilə də xristian dünyası onu göstərir ki, həmin qüvvələr Azərbaycan və bütün türk ölkələrinin təklənməsi üçün Şeytanla da müqavilə bağlamağa hazırdılar. 20 Yanvar faciəsi də həmin ssenarinin tərkib hissələrindən biridir, qırğın cəza üsulu idi. Azərbaycanın sahib olduğu strateji mövqe və təbii sərvətləri də 20 Yanvarda cəzalandırılmasına səbəb oldu. Rusiya bütün bunlara görə Azərbaycanı əlindən buraxmaq istəmirdi. Həmin gün Bakıya 3 mindən artıq muzdlu rus əsgəri toplanıldı. Onlar Yekaterinburq, Krasnodar, Stavropol, Armavir, Şimali Qafqaz, Moskvadan yaşı 20 və 30-dan yuxarı könüllü dəstələr idilər. Həmin qüvvələrə rus ordusunun yüksək rütbəli zabitləri də daxilər. Orduda kənardan gətirilmiş və Bakıda yaşayan ermənilər də vardılar. Hərbi hava, desant, dəniz qüvvələri və təhlükəsizlik qüvvələri Bakı qırğınında iştirak edirdilər. Verilən tapşırıq Yazov tərəfindən icra edildi. Yüzlərlə azərbaycanlı məhv edildi, Şəhidlər Xiyabanı yaradıldı. Həmin xiyaban xalqın irdəsinin nümunəsidir. Rusiya hər nə qədər bu gün də imperiya siyasətindən geri çəkilməsə də Azərbaycanın müstəqilliyi dönməzdir. Çünki Azərbaycanı yaşatmaq əzmində olan onun saysız igidləri var". ("OLAYLAR" İA)