“Rusiya Ukraynadan imtina edə bilər” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Heç kəs Gİ-nin əsl mahiyyətini tam başa düşə bilmir, çünki ittifaqla bağlı müfəssəl məlumat yoxdur”

"Rusiyanın Ukraynaya təzyiqləri qarşısında Avropa İttifaqı acizdir. Aylarla Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyən və meydanlarda Yanukoviç hökumətinin qərarına etiraz edənlərə Aİ dəstək verməli idi" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu bildirdi ki, Rusiyanın təzyiqləri qarşısında Avropa İttifaqı seyirci qaldı. Qərbin Ukraynaya qarşı soyuq münasibəti ölkədəki narazı elektorata da pis təsir etdi. Politoloqa görə, Avropa tərəfdarları Brüsseldən daha böyük dəstək gözləyirdilər: "Hadisələrin gedişi Rusiyanın Aİ-ni üstələdiyini göstərir. Belə bir məqamda isə Ukrayna Rusiyaya doğru yön almağa başlayıb. Aİ bunun gələcəkdəki nəticələrini hesablayacaq. Ukrayna Gömrük İttifaqına qoşulacağı təqdirdə Rusiya Ukraynaya ayırdığı maliyyə yardımını artıracaq. Bu isə Rusiyanın üzərindəki böyük yük demək olacaq. Müəyyən müddətdən sonra Rusiya da Ukraynadan imtina edə bilər". Ukraynanın Gömrük İttifaqına qoşulub- qoşulmayacağı məsələsinə toxunan E.Şahinoğlu qeyd etdi ki, Yanukoviç hökuməti ölkənin Gİ-yə üzv olacağı barədə konkret söz demir. Lakin proseslərin inkişafı onu göstərir ki, Ukrayna Gİ-yə üzv olmağa doğru gedir. Politoloq hesab edir ki, Kremlin Kiyevdən əsas istəyi də bununla bağlıdır və il ərzində Ukrayna təşkilata üzv ola bilər: "Lakin heç bir dövlət Gİ-nin əsl mahiyyətini tam başa düşə bilmir. Çünki ittifaqla bağlı müfəssəl məlumat yoxdur. Gİ-yə üzv olan dövlətlərin qazanclarının nə olacağı da məlum deyil. Gİ-dən fərqli olaraq Aİ oturuşmuş strukturdur. Ona görə də Kremlin layihəsində iştirak edəcək ölkələrin gələcəkləri qaranlıqdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00