Abbas Abbasov korlanmış imicindən yaxa qurtarmağa cəhd edir

Onun anti-Azərbaycan layihəsindən geri çəkilməsi inandırıcı görünmür

Ötən il Azərbaycanda keçirilən prezident seçkiləri dönəmi bir sıra xarici ölkələrin maraqlı dairələrinin fəallaşması ilə müşayiət olundu. Avropadan tutmuş Amerikaya, İrandan tutmuş Rusiyaya qədər ölkələrdən verilən qərəzli bəyanatlar bir-birini əvəz etdi. Etiraf edilməlidir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlı dairələri tərəfindən verilən müxtəlif səpkili açıqlamalar ardıcıllığı ilə fərqlənirdi. Təsadüfi deyil ki, Azərbaycanda prezident seçkilərinə ciddi hazırlıq getdiyi məqamda ölkəmizə təzyiqlər göstərilməsi və Moskvada Azərbaycanda hakimiyyəti dəyişmək planı qurulduğu iddiası səngimək bilmirdi. Maraqlı məqam ondan ibarət idi ki, belə iddialar həm xarici ölkələr, həm də onların Azərbaycandakı icraçıları tərəfindən irəli sürülürdü. Hətta bu iddiaların reallaşdırılmasına hesablanmış konkret addımların atılması göz önündə idi. Sirr deyil ki, belə iddiaların ortaya atılmasında "sapı özümüzdən olan baltalardan" istifadə olunması cəmiyyətin narazılığı ilə üzləşmişdi. Çünki, Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun rəhbəri olduğu Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) - "Milyarderlər İttifaqı"nın təsis edilməsi, Rusiyada yaşayan zəngin azərbaycanlıların bu quruma cəlb olunması, Rüstəm İbrahimbəyov və Söyün Sadıqovun fəallaşdırılması, Milli Şuranın yaradılması, Rüstəm İbrahimbəyovun quruma sədr gətirilməsi və digər məsələlər bu iddiaların heç də əsassız olmadığını göstərdi. Nəhayət sözügedən maraqlı dairələr konkret fəaliyyətə keçərək planlarının icrasına start verdilər. Rusiyanın maraqlı dairələri Abbas Abbasovun dili ilə Azərbaycana qarşı bəyanatlar verməyə başladılar, Rüstəm İbrahimbəyov isə müxalifətin bir qismini Milli Şuranın çətiri altında birləşdirdi. Faktiki olaraq "Milyarderlər İttifaqı" Milli Şuranın maliyyə qaynağına çevrildi. Hətta məkrli qüvvələr öz "kölgə kabinet"lərini də cəmiyyətə elan etdilər ki, iddiaları əsaslanmış olsun. Plana əsasən, 2013-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməli, Rüstəm İbrahimbəyov prezident, Abbas Abbasov baş nazir olmalı idi. Məsələ orasındadır ki, belə məkrli planların müəllifləri "Seyid Əhməd əli ilə ilan tutmağa" üstünlük verirdilər. Belə ki, Milli Şuranın əsas qurucusu üzdə Rüstəm İbrahimbəyovun olduğu görünürdüsə də, onun arxasında Abbas Abbasovun dayandığı tam çılpaqlığı ilə sezilirdi. Mətbuata ardıcıl verdiyi açıqlamalarında Abbas Abbasov ümumilli lider Heydər Əliyevin siyasətinə sadiq olduğunu, Azərbaycan hakimiyyətini dəstəklədiyini bəyan etsə də, əslində bu "ideologiyanın" arxasında gizlənərək Azərbaycanda hakimiyyəti dəyişmək niyyətini büruzə verirdi. Artıq nəinki siyasi analitiklər, hətta sadə insanlar belə baş verən proseslərin ideoloqunun məhz Abbas Abbasov olduğu qənaətində idi. Çünki, həmin dövrdə öz yuxusuna və Rusiyadakı himayədarlarının vədinə inanan Abbas Abbasov bütün görüşlərində Rusiya adından danışır, vədlər verir, Moskvanın Azərbaycanda hakimiyyəti dəyişəcəyini inandırmağa cəhd edirdi. Əldə edilmiş dəqiq məlumata görə, kinorejissor Rüstəm İbrahimbəyovun montajdan ayıraraq Milli Şuraya sədr gətirilməsi, seçkilərdə iştirakının təmin edilməsi və prezident seçilməsi planının əsas icraçısı da məhz A.Abbasov olub. Təbii ki, adi kinorejissorun hakimiyyət iddiasını ortaya qoyması üçün nə maddi imkanı, nə də siyasi qabiliyyəti çata bilməzdi. Bu amilləri nəzərə alan A.Abbasov sözügedən məsələlərin həllini də nəzərdən qaçırmamışdı. Belə ki, A.Abbasov Azərbaycanda hakimiyyət dəyişikliyi həyata keçirmək üçün Rüstəm İbrahimbəyova 20 milyon dollar vəd etməsi və bunun bir qismini ona göndərməsi təsdiqini tapib. Bu faktların dürüstlüyünü müəyyən etmək üçün heç də xüsusi apaşdırmaya ehtiyac qalmır. Milli Şuranın keçirdiyi aksiyalara, seçki hazırlığına, imzatoplama kampaniyasına və digər məsələlərə pulların Moskvadan, A.Abbasovdan gəlməsinə misal olaraq mətbuatda Cəmil Həsənliyə imza toplamaq üçün 500 min dollar ayrıldığı və pulların Müsavat və AXCP tərəfindən mənimsənildiyi iddiası kifayət edir. Elə bu faktın özü deməyə əsas verir ki, Abbas Abbasov eyni zamanda müxtəlif vasitələrlə Azərbaycanda öz fəaliyyətini gücləndirirməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə də  yaxın olduğu Müsavat sədrinin müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlini Bakıya öz adamı kimi göndərib. Nəticədə Müsavatı Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynli dəvət edib və müxtəlif vədlərlə İsa Qəmbəri bu addımı atmağa razı salıb. Lakin Rusiya prezidenti V.Putinin Azərbaycana səfərindən sonra RATİ-nin öz fəaliyyətini səngitməsi, Abbas Abbasovun kənara çəkilməsi, Rüstəm İbrahimbəyovun isə tədricən Milli Şuradan və Azərbaycandakı siyasi proseslərdən uzaqlaşması bütün bu iddiaların heç də əsassız olmadığını göstərdi. "Tutduğu əməllərindən peşmançılıq hissi keçirir" təəssüratı yaratmağa çalışan Abbas Abbasov hazırda korlanmış imicindən yaxa qurtarmağa, Azərbaycanda özünə qarşı kəskin mənfi münasibəti yumşaltmağa çan atır. Bu səbəbdən də müxtəlif kanallar vasitəsilə guya Azərbaycan hakimiyyətini dəstəklədiyini iddia etməsi barədə açıqlamalar yayılır. Amma baş berən proseslər deməyə əsas verir ki, A.Abbasovun anti-Azərbaycan layihəsindən geri çəkilməsi heç də inandırıcı görünmür. Təsadüfi deyil ki, A.Abbasovun faktiki rəhbərlik etdiyi "AzərRos" təşkilatı yeni rəqəmsal kanal - "Albax TV" təsis edib və bu yaxınlarda telekanalın fəaliyyətə başlayacağı gözlənilir. Məhz bu kanaldan siyasi məqsədlər üçün istifadə edəcəyi istisna olunmur.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00