“Vaşinqton – Tehran münasibətlərinin istiləşməsi Azərbaycanın maraqlarına uyğundur” - POLİTOLOQ

Elman Nəsirov: “Hətta ekspertlər zarafatla qeyd edirlər ki, bu gün ABŞ Konqresində İsrailin baş naziri Netanyahunun sözü daha kəsərlidir, nəinki ABŞ prezidenti Barak Obamanın...”

30 ildən çoxdur ki, diplomatik əlaqələri kəsilən İran və ABŞ münasibətləri baxımından 2013-cü il yaxınlaşma ilə yadda qaldı. Bir çox ekspertlər İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin qərbyönümlü olduğunu iddia etməkdə heç də səhv etməyiblər. İran və ABŞ münasibətlərinin yaxınlaşması dövlətlərin özündə necə qarşılanır, bu yaxınlaşma Azərbaycan dövlətinin maraqlarına cavab verirmi? Bu kimi suallarla siyasi elmlər doktoru, professor Elman Nəsirova müraciət etdik.

Elman Nəsirov qeyd edib ki, Cenevrə danışıqlarından sonra ABŞ-İran münasibətlərində yeni imkanlar pəncərəsi açılıb. Elman Nəsirovun sözlərinə görə, artıq Cenevrə danışıqlarını və əldə olunmuş razılaşmanı Kemp-Devid razılaşması ilə müqayisə edənlər də var. Baxmayaraq ki bəziləri bu müqayisəni düzgün saymırlar və hesab edirlər ki, bu düzgün yanaşma deyil. Çünki Kemp-Deviddə söhbət imzalanmış müqavilədən gedirdisə, indiki halda ilkin razılaşmalardan söhbət gedir.

Amma nəticə etibarı ilə politoloq hesab edir ki, 2014-cü ildə ABŞ - İran münasibətləri ilə bağlı paket müqavilə imzalanarsa bu bütünlükdə bütöv Yaxın Şərq regionunda vəziyyəti dəyişər və eyni zamanda ABŞ-ın "Ərəb baharı" dövründə yol verdiyi səhvlərin aradan qalxmasına da kömək olar.

Elman Nəsirov bəzi səhvlər deyəndə məsələn Misirdə Hüsnü Mübarəkin hakimiyyətdən uzaqlaşdırılması və s. kimi məsələləri qeyd edir.

"Bu gün  bu məsələdə müəyyən pozitiv məqamlar var, tərəflər ən azından Cenevrədə razılaşıblar ki, 6 ay müddətində qarşılıqlı addımlar atsınlar. ABŞ İrana qarşı sanksiyaların qəbuluna məhdudiyyət qoyur, onların yumşalma xəttini həyata keçirir, İran isə uranın 5%-dən çox zənginləşdirilməməsi ilə bağlı öhdəlik götürüb. Bununla bağlı ilkin pozitiv yanaşmalar var" deyə politoloq öz fikirlərini ifadə edib.

Elman Nəsirov məsələ ilə bağlı qeyd edib ki, ABŞ-da keçirilmiş sorğunun nəticələrinə görə, ABŞ əhalisinin 60%-i, ekspert düşərgəsinin isə təxminən 70%-i bu razılaşmanı dəstəkləyir.

Politoloq ABŞ - İran razılaşması ilə bağlı ABŞ konqresində ciddi fikir ayrılıqlarının olduğunu da inkar etməyib: "ABŞ Konqresində isə bununla bağlı ciddi fikir ayrılıqları mövcuddur. Belə ki ABŞ Konqresində dekabr ayında keçirilən sorğunun nəticələrinə görə 538 konqresmendən cəmi 17 nəfəri bu razılaşmanı dəstəkləyib və onun perspektivinə inandığını bəyan edib. Hətta ekspertlər zarafatla qeyd edirlər ki, bu gün ABŞ Konqresində İsrailin baş naziri Netanyahunun sözü daha kəsərlidir, nəinki ABŞ prezidenti Barak Obamanın... ABŞ Konqresi timsalında bu razılaşmanın kifayət qədər əleyhdarları var. Yəni Konqres bu gün yalnız İrana qarşı sanksiyaların tətbiq olunması monitorinqini qurub. ABŞ sanksiya qoymaq hüququnu özündə saxlayır, sadəcə onu yerinə yetirməmək öhdəliyi götürüb, 6 aydan sonar İran öhdəliyini yerinə yetirməsə yenidən sanksiyalar tətbiq edilə bilər".

Elman Nəsirov vurğulayıb ki, əldə olunan razılaşma ilə bağlı İran tərəfində də mövqe birmənalı deyil: "ABŞ-la yanaşı İranın özündə də bu razılaşmanın ciddi əleyhdarları var. Cümə namazı zamanı "ABŞ-a ölüm" deyən ənənəvi konservativ qüvvələr bunun əleyhdarlarıdır. Bundan başqa islahatçı qüvvələr də bunun əleyhinədir. Onlar istəmirlər ki, İran ABŞ bazarına daxil olsun".

Politoloq hesab edir ki, bu sənədin imzalanması paket sazişinin imzalanması üçün müsbət imkanlar açır, amma 6 aydan sonra bu istiqamətdə atılan istənilən kiçik bir səhv addım bütün vəziyyəti dəyişə bilər və razılaşma əldə olunmaya bilər. Bu reallığı da nəzərdə saxlamaq lazımdır. Hər halda bu 6 ayı gözləmək lazımdır, bundan sonra qaranlıq məqamlara aydınlıq gələcək.

Elman Nəsirov ABŞ-İran münasibətlərində yaxınlaşmanın Azərbaycana ola biləcəyi təsirindən də danışıb: "ABŞ - İran münasibətlərinin yaxınlaşmasının Azərbaycana təsiri məsələsinə gəldikdə isə Azərbaycan bu münasibətlərin normallaşmasında maraqlı tərəfdir. Azərbaycan regionda müharibənin qarşıdurmaya çevrilməsinin qəti əleyhdarıdır. Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə onu qeyd edib ki, İrana qarşı hər hansı bir hərbi müdaxilədə Azərbaycan ərazisindən istifadəyə icazə verilməyəcək, bu, mümkünsüzdür. Ölkəmiz bu qarşıdurmanın dinc yolla həllində maraqlıdır. İndiki hadisələrin bu şəkildə davam etməsi, yəni Vaşinqton - Tehran münasibətlərinimn ilıqlaşması Azərbaycan dövlətinin də maraqlarına uyğundur. Azərbaycan tərəfi bu proseslərin məhz bu şəkildə tənzimlənməsində maraqlıdır və Cenevrə danışıqları və onun nəticələrindən razıdır".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00