“Misirdəki referendum hazırkı hakimiyyətə legitimlik donu geyindirmək üçündür - Elşən Manafov
“Nəticələr açıqlanandan sonra ölkədə qarşıdurma başlana bilər”
16 Yanvar 2014 14:52 Siyasət"Ərəb baharı"nın qurbanlarından olan Misirdə yanvarın 15-da referendum keçirilib. 2011-ci ildə Misirdə inqilab baş verdikdən sonra keçirilən sayca 3-cü olan bu referenduma xalqın marağının az olması diqqət çəkir. Misirdə keçirilən referendumda səsvermə hüququ olan insanların yalnız 55%-i səsvermədə iştirak edib. Səsvermədə iştirak edən insanların 95%-i konstitusiyanın lehinə səs verib. Qeyd edək ki, Misirdə 52 milyondan çox insanın səsvermə hüququ var. Misirdə keçirilən referendumun rəsmi nəticələri isə seçkidən 72 saat sonra açıqlanacaq.
Referendum ölkədəki siyasi vəziyyətə necə təsir edəcək? Bununla bağlı fikirlərini politoloq Elşən Manafov "OLAYLAR"a bildirib. Politoloqun sözlərinə görə, Misirdə legitim prezidenti dəstəkləyən əhali təbii ki, referendumun məlum nəticələrindən razı olmayacaqlar. Politoloq istisna etmir ki, referendumun nəticələri açıqlandıqdan sonra ölkədə yenidən qarşıdurma yaşana bilər. Bu da Misirdə yenidən vətəndaş müharibəsinin alovlanmasına səbəb ola bilər.
Elşən Manafov Misirdəki hazırkı hakimiyyətin də sosial bazasının olduğunu vurğulayıb: "Prinsip etibarı ilə hər halda indi hakimiyyətdə olan qüvvələrin də sosial bazası var və onlar sırf hərbi inzibati yol ilə Misirdəki mövcud vəziyyəti nəzarət altında saxlamağa cəhd göstərirlər". Politoloq hesab edir ki, referundumun keçirilməsi isə sadəcə olaraq indiki hakimiyyətə legitimlik donu geyindirmək və bununla da Misirin digər dövlətlərlə münasibətlərindəki mövcud problemləri həll etmək istəyindən irəli gəlir. Referendum bütün hallarda müəyyən hüquqi müstəvi üzərində həyata keçirilib.
Sevda Qurbanqızı