“Həmin təşkilatlar Suriyaya getməyə məcburdurlar” - AÇIQLAMA

Qabil Hüseynli: “Onların dəstək olmadan müxtəlif ölkələrdən keçməklə Suriyaya sızması da mümkünsüzdür”

Politoloq Qabil Hüseynli radikal qruplaşmaların sürətlə Suriyaya axışması məsələsinə münasibət bildirərkən deyib ki, həmin təşkilatlar bu ölkəyə kənar qüvvələr tərəfindən yerləşdirilir. Q.Hüseynli qeyd etdi ki, təşkilatlara maliyyə dəstəyinin olmadan onların Suriyaya getməsi mümkün deyil. Çünki radikal təşkilatların əksəriyyətinin maliyyə və digər problemləri var. Politoloq hesab edir ki, onların dəstək olmadan müxtəlif ölkələrdən keçməklə Suriyaya sızması da mümkünsüzdür. Qruplaşmaların Suriyaya keçmək üçün getdiyi ilk ölkə Türkiyədir. Q.Hüseynli vurğuladı ki, birinci mərhələdə müxtəlif kamplarda yığışan terror qruplaşmaları müəyyən tapşırıqlar aldıqdan sonra Suriyaya axıdılırlar. Suriyaya gedənlərə müəyyən dairələr tərəfindən aylıq əməkhaqqı verilir: "Onların müharibəyə cihad üçün üz tutduqları inandırıcı deyil. Çünki həmin adamların əksəriyyəti işsiz və vəhhabizmin təsiri altında düşmüş adamlardır. Qruplaşmalar təzyiq altında bu addımı atmağa məcbur olurlar. Bu işdə Səudiyyə Ərəbistanı və müəyyən qədər də Türkiyədəki müəyyən dairələrin rolu var. Maliyyə tərəfi bütünlüklə Səudiyyə Ərəbistanının üzərinə düşür. Ərazilərdən keçirmək, viza və diplomatik məsələlərin, eləcə də düşərgələrə hazırlıq problemləri isə Türkiyə tərəfindən həyata keçirilir". Qabil Hüseynliyə görə, qruplaşmaları Suriyaya göndərən ölkələrin əsas məqsədlərinin Bəşər Əsədin devrilməsi və bu dövlətdə demokratiyanın bərqərar olmasıdır. Səudiyyə Ərəbistanını demokratiya maraqlandırmadığını deyən Q.Hüseynli qeyd etdi ki, ərəblərin əsas niyyəti vəhhabizmi bölgəyə yaymaqdır. Səudiyyə Ərəbistanı Suriyadakı hadisələrdən sırf siyasi və ideoloji nəticələr əldə etmək istəyir. Türkiyə isə qonşuluğunda demokratik və digər ölkələrlə normal əlaqələrə sahib olan, hər hansı üçüncü ölkənin əlaltısı olmayan müstəqil dövlətin yaranmasını niyyətindədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00