“Rusiya Azərbaycanla hərbi dildə danışır” - AÇIQLAMA

Zəlimxan Məmmədli: “Rusiya nə qədər ki, demokratikləşməyib, hələ uzun illər yaxın ətrafına təzyiqlər etməyə çalışacaq”

Politoloq Zəlimxan Məmmədli Rusiyada miqrantlarla bağlı qəbul olunan yeni qanun layihəsinə münasibət bildirib. Z.Məmmədli bildirdi ki, Rusiya Azərbaycan və Cənubi Qafqaza olan marağını açıq şəkildə ifadə edir. Kreml bu coğrafiyanı öz təsir dairəsində görür. Rusiya geosiyasi maraqlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir. Politoloq hesab edir ki, təsir dairəsinə salmaq istədiyi ölkələrə müxtəlif yollarla sızmağa çalışan Rusiyanın imperialist niyyətini hamı görür. Moskvanın miqrantlarla bağlı apardığı siyasətində Azərbaycanı müstəqillik xəttindən geri çəkindirmək niyyətinin hiss olunduğunu deyən Z.Məmmədlinin sözlərinə görə, Rusiya bu gün Azərbaycana qarşı əsas təsir vasitəsi kimi miqrantlardan istifadə etməyə çalışır. Rusiyada qəbul edilən son miqrant layihəsində də siyasi çalarlar var: "Azərbaycan Rusiyanın demokratikləşməsini istəyir. Çünki federasiya uzun illərdir ki, avtoritar qaydalarla idarə olunur. Rusiya nə qədər ki, demokratikləşməyib, bu ölkə hələ uzun illər yaxın ətrafına təzyiqlər etməyə çalışacaq. Digər ölkələr də Rusiyadakı demokratik düşərgəyə dəstək verməlidirlər. Rusiyada demokratik qüvvələr hakimiyyətə keçdikdən sonra bu ölkə ilə uzun illər əməkdaşlıq etmək mümkün olacaq. Coğrafiyada vahid təhlükəsizlik zolağı yaradılmalıdır. Bunun üçün müəyyən öhdəliklər yerinə yetirilməlidir. Lakin Rusiyanın bu gün yürütdüyü siyasətinin arxasında aqressiya, müharibə, təzyiq və qorxu var. Rusiya hələ də Gürcüstan və Azərbaycanla hərbi dildə danışır. Kremlin tutduğu siyasi xətt Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyinə təhdiddir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00