Milli Şurada AXCP-nin işi çətinləşdi - SİYASİ ŞƏRH

Üzv partiya və təşkilatlar şərtlə danışmağa başladılar

"Müsavat Partiyası çıxandan sonra Milli Şuranın işi daha da asanlaşacaq, qurum güclənəcək" kimi fikirlər özünü doğrultmadı. Başı Müsavatla savaşa qarışmış AXCP-nin Milli Şura daxilində işi zorlaşıb. Əvvəla, AXCP-Müsavat savaşında cəbhəçilər "Əli Kərimli faktorunu" qabartmağa məcburdurlar ki, bu da "Milli Şuranın və müxalifətin lideri Cəmil Həsənlidir" fikrini boşa çıxarır. Siyasi yazarlardan biri haqlı sual qoymuşdu: Cəmil Həsənli müxalifətin gerçək lideridirsə, AXCP-nin əlaltısı deyilsə, nədən AXCP ilə Müsavatı barışdıra bilmir? Doğrudan da, iki partiya arasında savaş Milli Şuranın əslində Rüstəm İbrahimbəyovdan sonra kiçildiyini, İctimai Palatanın bir az güclü variantından başqa bir şey olmadığını ortaya qoydu. Milli Şuranın bütün aksiyaları Müsavatla AXCP-nin hesabına keçirilmişdi. Müsavat çıxandan sonra AXCP yalnız qalıb. El, ACP və digər qurumların sosial bazası onsuz da zəifdir. Cəmil Həsənlinin tərəfdarları yoxdu. Prezident seçkilərində ona səs verənlər AXCP və Müsavatın elektoratı idi. Görünür, Müsavat rəhbərliyi hər şeyi ölçüb-biçərək Milli Şuradan istefa verib. Maraqlıdır ki, AXCP-dən başqa heç bir qüvvə Müsavatın Milli Şuradan çıxmasına etiraz etməyib. KXCP, El hərəkatı barışdırıcılıqla məşğuldur. Müsavatı vaxtaşırı tənqid edən ALP isə Milli Şuranın üzvü deyil. Müsavat gedib və yəqin ki, müttəfiq axtarışındadır. Yəqin ki, marta qədər Müsavatın yeni müttəfiqləri bəlli olacaq. Böyük ehtimalla, Müsavata "istiqlalçı deputat"ları özünə cəlb edəcək, İsgəndər Həmidov və Hacıbaba Əzimovla ittifaq yaradacaq. KXCP-nin də bu ittifaqda təmsil olunacağı real görünür. Milli Şuranı böyütmək istəyən AXCP isə ciddi problemlərlə üzləşib. KXCP Şuranın adı və formatının dəyişdirilməsini təklif edib. Milli Şurada üzvlüyü davam etdirmək üçün üzvlərinə sərbəstlik verən El Hərəkatı faktiki olaraq qurumdan uzaqlaşır. Bu o deməkdir ki, Eldar Namazov, Eldəniz Quliyev MŞ-ın rəhbər strukturlarında təmsil olunmayacaq. Yəqin ki, El-i qurumda Köçəri Nağıyev təmsil edəcək. Hərəkatın sədri Eldar Namazov Şura qarşısında bir sıra tələblər irəli sürüb. Namazov  qurumda partiyalara ayrılmış kvotaların ləğvini istəyib. Maraqlıdır ki, o da Şuranın adının dəyişdirilməsini, Demokratik Qüvvələrin Koordinasiya Mərkəzi adlanmasını təklif edib.

KXCP və El hərəkatının təklifləri Milli Şura tərəfindən rədd edilib. Milli Şura böyük ehtimalla, elə bu adda və formatda qalacaq. Adını dəyişib Azad Demokratlar Partiyası olmuş ACP-nin də təklifi təxminən bu cür idi. ADP də Milli Şurada kvota sisteminin ləğv edilməsini təklif edir. Daha sonra təklif edir ki, Milli Şuranın daha çevik və işlək qurumları yaradılsın. KXCP və El hərəkatı kvota prinsipinin ləğvi məsələsini elə-belə qoymur. Onlar, o cümlədən Sülhəddin Əkbərin partiyası AXCP-nin Milli Şurada hegemon olmasını istəmirlər. Onların şərtlə danışması da anlaşılandır. Müsavat qurumu tərk edib, AXCP isə Milli Şuranı qoruyub saxlamaq istəyir. Hazırda Milli Şuranı qoruyub saxlamaqda tək maraqlı qüvvə 2015-ci ilə müttəfiqlərlə getmək istəyən AXCP-dir. Xırda partiyalar da bunu yaxşı başa düşürlər. Ona görə də AXCP ilə şərtlə danışırlar. AXCP Milli Şuranı qoruyub saxlamaq üçün onların şərtlərini nəzərə almalıdır. Əks halda Milli Şuranı qoruyub saxlamaq mümkün olmayacaq.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00