Milli Şuranın faydalı iş əmsalı - 0
Əli Oruclu: “Ad dəyişdirməkdənsə, yeni birliyin yaradılması istiqamətində addımlar atılmalıdır”
15 Yanvar 2014 15:10 SiyasətElçin Mirzəbəyli: "Addansa, quruma daxil olan insanlar dəyişdirilsin"
AXCP tərəfindən Milli Şuranın adı dəyişdirilməsi təklif olunub. Cəbhəçilərin iddialarına görə, qurumla bağlı baş verəcək hər hansı bir dəyişiklik Milli Şuranın yenidın güclənməsinə təkan verə bilər.
Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə, ad heç nəyi həll etmir. Ə.Oruclu bildirdi ki, Milli Şuranın adının dəyişdirilməsi qurum daxilində baş verən prosesləri kökündən dəyişə bilməz. Daxili gərginliyin azaldılmasına adın dəyişdirilməsinin kömək edə bilməyəcəyini deyən AMİP funksioneri vurğuladı ki, bunu bir təşəbbüs kimi dəyərləndirmək olar: "Ad dəyişdirməkdənsə, yeni birliyin yaradılması istiqamətində addımlar atılmalıdır. Müxalifət hər şeyi bir kənara atıb qarşıdan gələn bələdiyyə seçkilərilə bağlı düşünsə, daha yaxşı olardı. Bu seçkilərə ciddi əhəmiyyət verməyə dəyər. Yoxsa ki, ad dəyişdirib nəyəsə nail olmaq, o qədər də perspektivli görünmür".
BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli isə hesab edir ki, indiyədək müxalifət daxilində müxtəlif formatlar yaradılıb. E.Mirzəbəyli bildirdi ki, müxalif düşərgənin əsas problemi həmişə forma axtarışında olması ilə əlaqədardır, ən böyük problemi isə məzmunun olmamasıdır. Mahiyyətin də dəyişməsinin vacib olduğunu vurğulayan BAXCP rəsmisinin sözlərinə görə, qurumda təmsil olunan insanlar dəyişməlidir: "Çünki onların düşüncələri 22 ildir ki, dəyişmir. Keçən illər ərzində bu insanlar yel dəyirmanına qarşı mübarizə apardıqlarını düşünürlər. Özlərindən yalançı düşmən obrazı yaradırlar və həmin obraza qarşı mübarizə aparırlar. Nəticədə isə faydalı iş əmsalı sıfıra bərabər olur. Bu baxımdan məzmun dəyişməlidir, bunun üçün isə ilk növbədə bu insanların özləri dəyişməlidirlər". ("OLAYLAR" İA)