“Üçüncü qüvvə”yə meydan açılır - SİYASİ ŞƏRH

Müsavata hücum edən AXCP özü də gücdən düşür

AXCP Müsavatla mübarizəyə bütün gücünü sərf edib. Bütün resurslar Müsavat partiyasının sıradan çıxarılmasına, parçalanmasına, partiyadan qopmaların sürətlənməsinə sərf edilib. Sanki Milli Şura məsələsi savaşın başlanmasına bir bəhanə imiş. Kənardan elə görünür ki, AXCP Müsavatın Milli Şura ilə bağlı qərarını fürsət bilirmiş. Partiyanın sədri Əli Kərimli, Ali Məclisin sədri Həsən Kərimov, sədr müavinləri Nurəddin Məmmədli, Fuad Qərhəmanlı, sədrin müşavirləri Seymur Həzi, Əbülfəz Qurbanlı, mətbuat katibi Natiq Güləhmədoğlu verdikləri açıqlamalarda, yazdıqları məqalə və statuslarda Müsavata qarşı sonsuz nifrətlərini ifadə edirlər. Sanki Müsavat müxalifətin seçkilərdə qələbəsinə mane olub.  Müsavat bağışlanmaz bir suç işləyib. Halbuki ortada ciddi bir xəyanət və satqınlıqdan söhbət gedə bilməz. Müsavat sona qədər AXCP-nin maraq dairəsində olan Milli Şurada, özü də sabiq AXCP sədrinin müavinin namizədliyi ilə seçkidə iştirak etdi. Amma 2003-cü ildə AXCP Müsavat başqanının müxalifətin favoriti olduğunu bilə-bilə AMİP sədrini dəstəklədi, müxalifətin ümumi işinə mane oldu. O zaman Müsavat AXCP-ni "cümlə xəyanətlərə bais" kimi dəyərləndirmədi. Amma AXCP bütün gücünü qisasçılığıa sərf edib. AXCP-çilər bir nüansı unudurlar ki, təsir əks-təsirə bərabərdir. Nə qədər qara piar aparırlarsa, o qədər də zərərini görürlər. AXCP fəalları İsa Qəmbəri, Arif Hacılını, Rauf Arifoğlunu ifşa etməyə, gözdən salmağa çalışırlar. Əli Kərimli də süddən çıxmış ağ qaşıq deyil, bu günlərə çoxsaylı xəyanətlərlə gəlib çıxıb. Onun əməllərini də Müsavat fəalları açıb tökürlər. Nəticədə cəmiyyətdə hər iki qüvvəyə qarşı ikrah hissi yaranır. Bunu hətta El hərəkatının üzvü Zəfər Quliyev də etiraf edib. Artıq ziyalılar da Müsavatla AXCP-ni barışığa çağırıblar. Ancaq AXCP dayanmır. Əli Kərimlinin qara piar maşını Müsavatla son haqq-hesabı çəkmək istəyir. Maraqlıdır ki, AXCP funksionerlərinin açıqlamalarında "bir daha Müsavatla müttəfiq olmayacağıq" fikri qırmızız xəttlə keçir. Belə çıxır ki, eyforiyaya qapılmış AXCP yetkililəri bu savaşda Müsavatı bitirəcəklərini zənn edirlər. Müsavata mümkün qədər zərbə vurmağa çalışılır ki, bu partiya ilə heç kim əməkdaşlıq etməsin, Müsavat 2015-ci il seçkilərində müxalifət cameəsini təmsil etməsin. AXCP Müsavata qarşı ağla gələn və gəlməyən metodlardan istifadə edir. Müsavatçılar adından saxta facebook hesabları açılır, onlar adından yalançı bəyanatlar verilir. Müxalifətin daim mənəvi qələbəylə öyündüyünü,  ictimai qınaq, ədəb-ərkanlı mübarizəyə üstünlük verdiyini nəzərə alsaq, AXCP böyük yanlışlıq edir. Və bu savaşın sonunda qələbə görünmür. AXCP Müsavatı yıpradıb özü də yıpranacaq, gücdən düşəcək. AXCP-nin Müsavata qarşı illərdən yığılıb qalmış bu kini, 2000-ci ilin qisası hər iki partiyanı, bütövlükdə ənənəvi müxalifəti sıradan çıxaracaq.  Üçüncü qüvvənin ortaya çıxmasına yaşıl işıq yandıracaq. AXCP Müsavatı bitirib 2015-ci ilə "ana müaxilət" statusunda getmək istəyirsə, yanılır. Cəmiyyət Müsavata nə qədər inamsızdırsa, AXCP-yə də o qədər inamsızdır. Bir-birini ifşa edib sıradan çıxarmaqdansa, başqa formullar, birlik modelləri düşünüb tapmaq lazımdır. Onsuz da ənənəvi müxalifətin elektoratı azdır, bu lüzumsuz savaş sosial bazanı bir az da azaldacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00