“Cenevrə konfransı Suriya məsələsinin yeni mərhələsidir” - POLİTOLOQ
Fikrət Sadıqov: “Suriyadakı mübarizə siyasi qarşıdurmaya çevriləcək”
14 Yanvar 2014 16:52 Siyasət3 ildən çoxdur ki, Suriyada davam edən vətəndaş müharibəsi nəticəsində 100 mindən çox insan qətlə yetirilib. BMT-nin məlumatına görə, qətlə yetirilən insanların əksəriyyəti qadın və uşaqlardan ibarətdir. Dünyanın aparıcı dövlətlərinin Suriya məsələsində hələ də ortaq məxrəcə gələ bilməməsi Suriyada hər gün onlarla günahsız qanların axmasına səbəb olur. Suriyada baş verən hadisələrlə bağlı politoloq Fikrət Sadıqov fikirlərini "OLAYLAR"a bildirib.
Politoloq hesab edir ki, Suriyada gedən vətəndaş müharibəsi müəyyən dərəcədə səngiyib. Politoloqun sözlərinə görə, qarşıdurma var və tərəflər hələlik heç bir razılığa gəlməyiblər. Fikrət Sadıqov digər bir həqiqəti qeyd edib ki, dövlətlər arasında, xüsusilə də ABŞ və Rusiya arasında nüvə silahının məhvi ilə bağlı razılıq əldə olunandan sonra faktiki olaraq Əsəd rejiminə qarşı vuruşanlara, inqilabçılara, üsyançılara artıq istənilən səviyyədə dəstək yoxdur. Xüsusilə də hərbi sahədə yardım istənilən səviyyədə deyil. Buna görə də Suriyada müəyyən pauza yaranıb, amma proseslər bu formatda davam etsə, təbii ki, bəlkə də açıq şəkildə müharibə artıq davam etməyəcək. Politoloq Suriyada davam edən müharibənin siyasi mübarizəyə çevriləcəyini bildirib: "Sadəcə olaraq açıq şəkildə gedən münaqişə müəyyən mənada siyasi qarşıdurmaya keçəcək. Çünki Bəşər Əsədi qəbul etməyən qüvvələr az deyil. Suriyanın özündə, Suriyanın xaricində Avropa dövlətləri tələb edirlər ki, Bəşər Əsəd devrilməlidir, Bəşər Əsəd rejimi artıq sona yetməlidir".
Amma eyni zamanda politoloq bildirib ki, Bəşər Əsədi Rusiya dəstəkləyir. Hələlik müəyyən razılıq əldə olunub. Suriyada 2015-ci ildə prezident seçkiləri keçirilməlidir və yəqin ki, Bəşər Əsəd prezident seçilməyə yenidən cəhd göstərəcək. Şərqşünas Fikrət Sadıqov Bəşər Əsədin cəhdlərinin asanlıqla reallaşacağına inanmır. Çünki Suriya müharibədən əvvəlki Suriya deyil. Bir çox dövlətlər istəyir ki, orada yeni bir rejim hakimiyyətə gəlsin.
Politoloq düşünür ki, burda bir çox məqamlar aparıcı dövlətlərdən asılı olacaq.
Politoloq yanvarın 22-də Suriya ilə bağlı Cenevrədə keçiriləcək konfransın Suriyadakı müharibəyə necə təsir edəcəyi ilə bağlı suala cavab verərkən bildirib ki, Cenevrə konfransı Suriyadakı hadisələri ələ almağın yeni bir mərhələsidir.
Fikrət Sadıqov qeyd edib ki, aparıcı dövlətlər, ilk növbədə ABŞ və Rusiya gərək hansısa bir razılığa gəlsin. Hələlik söhbət müharibənin davam etməməsindən gedir. Politoloq ikinci məqam isə vurğulayıb ki, kimyəvi silahların ölkə ərazisindən çıxarılmasıdır. Çünki Qərbin kimyəvi, nüvə və digər bu kimi silahlardan çox narahatdır. İran buna əyani bir sübutdur. Suriya rejiminə açıq şəkildə dəstək verən İranın özündə də müəyyən dəyişikliklər baş verir.
"Yaddan çıxarmaq olmaz ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani artıq Qərblə yaxınlaşma siyasəti yürüdür. Bildiyimiz kimi, nüvə silahı ilə bağlı müəyyən razılıq əldə olunub. İran çalışır ki, ona qarşı tətbiq olunan sanksiyalar aradan götürülsün. Bu proses artıq başlanıb. Qərb açıq şəkildə üsyançılara dəstək verməsə, silah göndərməsə, digər tərəfdən İran Suriya rejimini müdafiə etməsə, eyni zamanda Rusiyada açıq şəkildə Əsədi dəstəkləməsə burda müəyyən pauza yaranacaq. Mən düşünürəm ki, həmin bu konfransda bu məsələlər yenidən müzakirə olunacaq və bu vəziyyəti nəzarətə götürmə prosesinin yeni mərhələsini təşkil edir" deyə Fikrət Sadıqov öz fikirlərini ifadə edib.
Sevda Qurbanqızı