Ziyafət Əsgərov Meksika Senatının nümayəndələrini qəbul edib
14 Yanvar 2014 12:46 SiyasətMilli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb. Görüşdə Milli Məclis Sədrinin birinci müavini ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı barədə fikirlərini açıqlayıb. O, 2006-cı ildə BMT-də GUAM-la əməkdaşlıq üzrə qətnamənin qəbulunda, 2010-cu ildə qeyri-maddi mədəni sərvətlərin qorunması ilə bağlı sənədin müzakirələrində, xüsusilə də 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən Meksikanin dəstəyini minnətdarlıqla qeyd edib. Bununla yanaşı, Meksika Senatında və Deputatlar Palatasında Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin vacibliyini vurğulayıb, bunu münasibətlərimizin inkişafında əhəmiyyətli addım kimi qiymətləndirib.
Ziyafət Əsgərov müstəqil Azərbaycanın keçdiyi yoldan, qazanılan uğurlardan söhbət açaraq, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin bütöv bir regionun tərəqqisinə böyük maneələr törətdiyini təəssüf hissi ilə qeyd edib. Bildirib ki, problemlə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara baxmayaraq, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir. O, Azərbaycanın problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə çalışdığını vurğulayıb. Qonaq Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, problemin sülh yolu ilə, ədalətli həll olunacağına əminliyini ifadə edib.