“Şahzadənin hədəsi üçün tanıdığımız Putin uğurlu ünvan deyil” - AÇIQLAMA

Ərəstun Oruclu: “Burdan belə qənaətə gəlmək olar ki, mətbuat vasitəsilə Kreml ciddi olaraq özünün gələcək Yaxın Şərq siyasətinin konturlarının anonsunu verir”

"Son günlərdə Rusiya hərbi və siyasi dairələrinə yaxın mətbuat "Ərəb baharı"nın Səudiyyə Ərəbistanına yaxınlaşması haqda məqalə və təhlillərlə zənginləşib" - "OLAYLAR"ın məlumatına görə, politoloq Ərəstun Oruclu belə deyib. Ə.Oruclunun dediyi sözlərə görə, istisna edilmir ki, bu Qərb mətbuatına Krallığın Təhlükəsizlik Şurasının katibi və Səudiyyə xarici kəşfiyyatının rəisi, şahzadə Bəndər bin Sultanın Rusiyaya son səfərləri və onun prezident Putinlə danışıqları haqda məlumatların sızmasına cavabdır: "Həmin məlumatlarda göstərilirdi ki, Səudiyyə siyasətinin önəmli fiqurlarından olan Bəndər bin Sultan Vladimir Putinlə görüşdə Rusiyanın Əsəd rejiminin müdafiəsindən imtinası müqabilində Soçi Olimpiadasının təhlükəsizliyinə təminat verə biləcəklərini təklif edib. Kreml isə bunu terror hədəsi kimi qəbul edib. Rusiya mətbuatı tərəfindən 2013-cü ilin son iki ayında Volqoqradda törədilən 3 terror aktı məhz bu məlumatlarla əlqələndirilir. İndi isə Rusiya siyasi və hərbi dairələrinə yaxın mediada iddia olunur ki, Səudiyyə Ərəbistanının "İran təhlükəsindən kollektiv müdafiə" adı altında 200-270 min hərbçini birləşdirən "körfəz ölkələri birgə hərbi ittifaqının" yaradılması təklifi əslində məhz "ərəb baharı" qarşısında qorxudan qaynaqlanır. Bu da bildirilir ki, Səudiyyə Krallığının bu təklifinə hələlik yalnız Bəhreyn müsbət münasibət bildirib. Yeri gəlmişkən, Ərəbistan yarımadası ölkələrində şiə məzhəbinə mənsub olan əhali qrupu əsasən bu iki ölkədə təmsil olunub. Belə ki, şiələr Səudiyyə əhalisinin cəmi 20%-ni təşkil etsələr də, əsasən krallığın neftlə zəngin ərazilərində yaşayırlar. Bəhreyndə isə müxtəlif məlumatlara görə əhalinin şiə məzhəbinə mənsub hissəsi ümumiyyətlə çoxluq təşkil edir. Rusiya mətbuatı bunu da vurğulayır ki, uzun illərdən sonra Suriya siyasətindəki uğuru nəticəsində Rusiya artıq Yaxın Şərqə qayıdıb. Burdan belə qənaətə gəlmək olar ki, mətbuat vasitəsilə Kreml yaxın zamanlarda Rusiya-İran-Suriya antisəudiyyə blokunun yaradıla biləcəyilə ya cavab hədələri səsələndirir, ya da elə ciddi olaraq özünün gələcək Yaxın Şərq siyasətinin konturlarının anonsunu verir. Bunu zaman göstərəcək əlbəttə, amma bir şeyi bu gün tam dəqiqliklə demək olar ki, əgər həqiqətən də Səudiyyə rəsmisi Putini hədələyibsə, çox kobud səhvə yol verib. Hamımızın yaxşı tanıdığımız Vladimir Putin hədə üçün seçilmiş ən uğurlu ünvan deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00