AXCP-çilərlə müsavatçılar arasında münasibətlər daim gərgin olub
13 Yanvar 2014 16:15 Siyasət"Müsavat Partiyasının Milli Şura adlanan qurumdan çıxması ilə radikal müxalifət düşərgəsində, xüsusilə, adıçəkilən partiya ilə üzdə "müttəfiq" olan AXCP arasında yaşananlar tam təbii proseslərdir". Burada qeyri-adi heç yoxdur və qeyri-adi heç nə baş vermir, radikalların, daha çox da siyasi iddiaları, şəxsi ambisiyaları daim imkanlarını üstələyən cəbhəçilərlə müsavatçılaran sonadək bir arada ola bilməyəçəkləri ilk gündən hər kəsə, elə onların özlərinə də bəlli idi". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, ötən 21 il ərzində özlərini müxalifətin aparıcı, avanqard qüvvəsi adlandıran AXCP-çilərlə müsavatçılar arasında münasibətlər daim gərgin olub: "Ancaq həmin qüvvələr bunu nə qədər ört-basdır etməyə, gizlətməyə, müəyyən "birlik çətirləri" ilə pərdələməyə çalışsalar da, əsl həqiqət tezliklə ortaya çıxıb, el məsəlində deyildiyi, cidanı çuvalda gizlətmək mümkün olmayıb. AXCP-çilər müsavatçıları, müsavatçılar AXCP-çiləri, Əli Kərimli İsa Qəmbəri, İsa Qəmbər isə Əli Kərimli heç zaman qəbul və həzm edə bilməyiblər. İ.Qəmbərin liderliyi Ə.Kərimli və AXCP üçün, Ə.Kərimlinin liderliyi isə İ.Qəmbər və Müsavat üçün qəbuledilməz olub və hər iki şəxs və partiya özünün liderliyini digərinə zorla qəbul etdirməyə çalışıb və hər zaman da məlum nəticə, daha doğrusu, nəticəsizlik ortada olub".