AXCP Müsavatı parçalamağa çalışır - SİYASİ ANALİZ
“Narazı müsavatçılar” fraksiyası yarana bilər
13 Yanvar 2014 14:04 SiyasətMüsavatla AXCP arasında Milli Şura davası qızışır. Müsavat yaxın mətbu orqanlar hər gün Milli Şuradan qopmalarla bağlı məlumatlar dərc edir, cəbhəçi KİV-lər isə hər gün bir müsavatçı tapıb istefa "ərizəsini" alır, AXCP-yə keçdiyini bəyan edirlər. Savaş getdikcə qızışır. Müsavat tərəfi Əli Kəriminin bir zamanlar AXCP-də yaratdığı "Yurd" qrupunun Elçibəyə qarşı hərəkətlərini yada salır, AXCP-nin təbliğat maşını Müsavatın 1998-ci ildə Elçibəyin namizədliyinə mane olmasını qabardır. Müşahidələr göstərir ki, savaş uzun bir müddət davam edəcək. Bu savaşda AXCP-nin də, Müsavatın da güc itirəcəyi şəksizdir. Bütövlükdə ənənəvi müxalifət uduzacaq, ola bilsin ki, ortaya yeni qüvvə çıxsın. Savaşan tərəflərdən isə Müsavatın daha çox itkiyə məruz qalacağını söyləmək olar. Çünki Müsavat öz silahı ilə vurulur. İsa Qəmbər-Arif Hacılı-Pənah Hüseyn cütlüyünün bir zamanlar yazdıqları ideoloji tezislər indi onların öz əleyhinə çevrilib. 90-cı illərdə konstruktivliyə azca meyl edən qüvvə onlar tərəfindən xəyanətdə, satqınlıqda, separatçılıqda suçlandırılırdı. Müsavatın radikal Milli Şuradan kənarda qalmağa çalışması, ona baha başa gəldi. İndi onun özünü satqınlıqda, xəyanətdə suçlandırırlar. AXCP bütün gücü ilə Müsavatı parçalamağa, elektoratını bölməyə, bu partiyadan mümkün qopmalara nail olmağa çalışır. AXCP-nin apardığı təbliğatın kökündə bir tezis dayanır: "Müsavat Partiyasının bütün üzvləri Müsavat rəhbərliyinin qərarını dəstəkləmir. Müsavatın Milli Şuradan çıxması bütün müsavatçıların mənafeyinə uyğun deyil, yalnız bir qrupun marağındadır". AXCP-nin bu təbliğatının təsirinə düşən müsavatçılar da az deyil. Artıq bir neçə rayon təşkilatından istefalar var. AXCP hətta tanınmış müsavatçı, AXC hakimiyyətinin kənd təsərrüfatı naziri olmuş Qara Tofiqin də mövqeyinə təsir edə bilib. Tofiq Hüseynli müsavatçı olaraq Milli Şurada qalacağını bəyan edib. T.Hüseynli hesab edir ki, partiyanın Milli Şuradan çıxmaq barədə qərarı yanlışdır və buna görə də bu qərarın qəbul edilməsi şəxsən onun Milli Şura üzvlüyünə heç bir təsir yaratmır. "Mən Milli Şuranı müxalifətin vahid güc mərkəzi hesab edirəm. Bu mərkəzin parçalanması, zəiflədilməsi istiqamətində atılan addımların məsuliyyətini bölüşmək fikrində deyiləm. Buna görə də Milli Şura üzvü olaraq qalacağam". Qara Tofiqin açıqlaması heç şübhəsiz ki, AXCP-nin işinə yarayacaq. AXCP isə hücumlarını davam etdirir. AXCP-nin Müsavata qarşı ideloji savaşının önündə siyasi məsələlər üzrə sədr müavini Fuad Qəhrəmanlı gedir. Onun açıqlamaları və facebook statuslarında bir xətt hakimdir: Müsavat öncəki illərin partiyası deyil. Partiya gücünü itirib. Müsavatın gedişi Milli Şuraya təsir etməyəcək. Müsavat rəhbərliyinin qərarı yerlərdə sadə müsavatçılar tərəfindən dəstəklənmir. Facebook statusunda yazdığı statusa hələki Müsavatdan cavab verilməyib. Fuad Qəhrəmanlı Müsavatı prezident seçkiləri ərəfəsində Milli Şuranın işinə mane olmaqda, bölgələrdə 30 nəfərlik görüşü belə keçirə bilməməkdə suçlandırıb. "Müsavat partiyası 2003-cü ildəki partiya deyil. Bunu müsavatçılar bilir, cəmiyyətin də bilməsinə ehtiyac var. Ötən il AXCP olaraq 40-a yaxın rayonda yerli təşkilatlarımızla kütləvi müşavirələr keçirdik, eyni vaxta Müsavat partiyasında buna cəhd olsa da bir rayonda belə 20 nəfərin bir yerdə fotosunu çəkdirə bilmədilər. Milli Şuranın seçki kampaniyasının gedişi zamanı Müsavat Cəmil bəy üçün bir rayonda belə görüş keçirə bilmədi, əvəzində isə bütün görüşləri AXCP olaraq tək təşkil etmək zorunda qaldıq". AXCP funksionerinin açıqlaması cəmiyyət üçün yenidir və yəqin ki, Müsavatda narazılığa səbəb olacaq. AXCP-nin niyyəti ortadadır. Ali Məclisin sədri Həsən Kərimov, mətbuat katibi Natiq Ədilov "İndiki Müsavatla bir daha müttəfqilik mümkün olmayacaq" deyiblər. Bu o deməkdir ki, AXCP Müsavatı parçalayıb, ya da narazı müsavatçıları bir yerə toplayıb onlarla əməkdaşlıq edəcək.
Ərhun Abbas