“Rusiyanın şimalında gərginlik genişlənməkdədir” - POLİTOLOQ

Elman Nəsirov: “Baş verən bu hadisələr Şimali Qafqaz sərhədlərini aşıb Rusiyanın dərinliklərinə getməkdədir”

Fevralın 7-də Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya oyunları öncəsi siyasi səhnədə gərginlik artmaqda davam edir. Dünyanın super güc dövləti olan ABŞ lideri Barak Obama başda olmaqla bir çox dünya liderlərinin Soçi Qış Olimpiya oyunlarına getməkdən imtina etməsi gərginliyin pik səviyyədə olmasından xəbər verir. Hətta Soçi Qış Olimpiya oyunlarından sonra Şimali Qafqazda müharibənin başlayacağı ehtimalını söyləyənlər də az deyil. Məsələ ilə bağlı politoloq Elman Nəsirovun fikirlərini öyrəndik.

Elman Nəsirov bildirib ki, Rusiyanın Volqoqrad şəhərində iki ay ərzində 3 terror aktı həyata keçirildikdən sonra artıq belə versiyalar yaranıb ki, bu artıq Soçi Olimpiadasından sonra baş verə biləcək hadisəyə bir işarədir, həmin müharibənin baş məşqidir.

Elman Nəsirov bu cür fikirlərin yaranmasında müəyyən mənadan Umarovun mövqeyinin də az rol oynamadığını bildirib: "Belə fikirlər səslənir və xüsusilə də bunu ona görə Soçi ilə bağlayırlar ki, çeçen mücahidlərinin rəhbəri Umarov belə bir mövqe bildirib ki, Soçi Olimpiadasına qədər və Soçi Olimpiadasından sonra da onlar öz mübarizələrini daha da sərtləşdirəcəklər".

Elman Nəsirov qeyd edib ki, Volqoqraddakı terror aktlarında heç bir terrorçu qruplaşma məsuliyyəti öz üzərinə götürməyib ona görə də bunu Şimali Qafqazdakı qruplaşmaların adı ilə bağlayırlar. 

Politoloq hesab edir ki, baş verən bu hadisələr Şimali Qafqaz sərhədlərini aşmağa başlayıb və Şimali Qafqazdan da daha çox Rusiyanın dərinliklərinə getməkdədir. "Tatarıstanda və Başqırdıstanda baş verən hadisələr fonunda getdikcə bu, Rusiyanın ayrı-ayrı subyektlərini də əhatə edəcək" deyə pıolitoloq fikirlərini ifadə edib.

Elman Nəsirov Soçi Olimpiadasına qədər müharibənin başlama ehtimalının az olduğunu vurğulayıb: "Soçi Olimpiadasına ən böyük həcmdə - 47 milyard dollar həcmində vəsait ayrılıb və təkcə təhlükəsizlik məsələlərinə 2 milyard dollar vəsait sərf olunub. Bütün bunlardan sonra bu cür qənaətə gəlirəm və belə nəticəyə gəlmək olar ki, Soçi Olimpiadasına qədər müharibənin başlanması ehtimalı aşağı səviyyədədir. Ancaq Soçi Olimpiadasından sonra müharibə transformasiyasının baş verməsi mümkün ola bilər. Bunlar da ayrı-ayrı versiyalardır, yanaşmalardır". Politoloq məsələ ilə bağlı mövqeyini bu cür ifadə edib: "Bu məsələdə mənim mövqeyim belədir ki, Rusiyadakı qruplaşmalar, bəzilərinin dili ilə desək mücahidlər Rusiyanın şimalında artıq gərginlik ocağı genişləndirməkdədir. Bu genişlənmənin Rusiyanın digər subyektlərinə keçmə ehtimalı da böyükdür. Bu nöqteyi nəzərdən müəyyən mənada səslənən fikirlərdə həqiqət var".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00