Müxalifətin birlikləri dağılır - SİYASİ ANALİZ
AXCP ilə Müsavat bir daha müttəfiq olmayacaq?
10 Yanvar 2014 14:04 SiyasətMüsavatın Milli Şuradan çıxması AXCP-ni hədsiz şəkildə qəzəbləndirib. AXCP funksionerləri dalbadal verdikləri açıqlamalarda, yazdıqları yazılarda Müsavatı xəyanətdə, satqınlıqda suçlandırırlar. Əli Kərimli, Fuad Qəhrəmanlı, Xaliq Bahadır açıq mətnlə Müsavatı ittiham edir, bu partiyanı ictimai qınağın hədəfində saxlamağa çalışırlar. Müsavata yaxın şəxslərdən İsgəndər Həmidovun, Zəfər Quliyevin Milli Şuradan istefa verməsi, El hərəkatının tərəddüdləri AXCP-ni çətin vəziyyətə salıb. Milli Şuradan çıxan qüvvələrin Müsavatın ətrafında təmərküzləşəcəyini hiss edən AXCP cavab addımları atır. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "İctimai Palata buraxılıb" açıqlaması buna xidmət edir. AXCP ehtiyat edir ki, Müsavat Milli Şuradan kənarda qalan qüvvələri İctimai Palata ətrafında cəmləşdirər.
Amma Müsavatın açıqlaması daha konstruktiv görünür. Arif Hacılının "Bizim İctimai Palatanı süni şəkildə saxlamaq niyyətimiz yoxdur" bəyanatı AXCP-nin tələsik addım atmasının boşuna olduğunu göstərir. Bu ona dəlalət edir ki, Müsavat üçün əsas məsələ Milli Şuradan çıxmaqmış. Lakin Müsavatın Milli Şuradan çıxması, ardınca İctimai Palatanın buraxılması müxalifət daxilində başlanmış ciddi proseslərdən xəbər verir. Müsavatla AXCP dartışmasının başlandığı günün ertəsi "Yeni Müsavat"da tezisləri Rauf Arifoğlu tərəfindən verildiyi şübhə edilməyən bir yazıda "İsa Qəmbər artıq dərk etdi ki, Əli Kərimli ilə birgə qələbə qazanmaq mümkün deyil, Müsavat bir daha AXCP ilə müttəfiq olamayacaq" fikri də vardı. Fikrimizcə, bu adi yazı cümləsi deyil, Müsavatı hazırda yönəldən fiqurların qəti qərarıdır. Müsavatda başqan olmağa çalışan Arif Hacılı və Müsavatda söz sahibi olan Rauf Arifoğlu AXCP ilə müttəfiq olmaq istəmirlər. Bundan sonra ən azı 2015-ci ilin payızına qədər müxalifət toparlana bilməyəcək. Amma əvəzində bir-birilə rəqabətdə olan iki blok yarana bilər. İsgəndər Həmidovun, Zəfər Quliyevin Milli Şuradan istefası, El hərəkatının tərəddüdləri, Sülhəddin Əkbərin şərtlə danışması onu göstərir ki, AXCP-nin Müsavatı təkləməyə gücü, Milli Şuranı qoruyub saxlamağa hökmü yetmədi. Belə çıxır ki, Milli Şuradakı hazırkı durum, Cəmil Həsənlinin rəhbərliyi Müsavatdan başqa bir çoxlarını da narazı salıb. Milli Şuranın perspektivinə artıq aydınlıq gəlməkdədir. AXCP ALP-nin quruma qayıtmasına nail olmağa çalışır. Həmsədrlik institutu təsis edilərsə El hərəkatı qurumda qalacaq. S.Əkbərin partiyası isə özünə mövqe qazanmaq üçün qurumu tərk etməyə hazır görünür. İstənilən halda mövcud potensialla AXCP Milli Şuranı yaşada biləcək. Müsavat isə ətrafından yeni güc mərkəzi yaradacaq. Müstəqillərdən Müsavata gələn dəstək İsa Qəmbərin komandasını ruhlandırıb. Müsavatın yaradacağı blokda istiqlalçı deputatlar da yer alacaq. Hacıaba Əzimovun, İsgəndər Həmidovun partiyaları Müsavatın yanında olacaqlar. Hətta KXCP-nin də AXCP-dənsə Müsavatı tərcih edəcəyi real görünür. Müxalifətin parçalanması istənilən halda güc itkisidir. Amma bir iş var ki, Müsavatla AXCP ayrı-ayrılıqda olanda da ciddi siyasi birliklər formalaşdıra biliblər və onlar arasında rəqabət ümumilikdə düşərgəyə fayda gətirib. Müsavatın AXCP ilə bir daha müttəfiq olmayacğına gəlincə, bu, az inandırıcıdır. Bu partiyaların qarşıdakı parlament seçkilərində əməkdaşlığı qaçılmaz olacaq. Çünki ənənəvi müxalifət əməkdaşlıq etməsə, mövqelərini tamamilə itirəcək.
Ərhun Abbas