“Ermənistan İran üçün Azərbaycana təzyiq vasitəsidir” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Molla rejiminin Azərbaycanla bağlı nümayiş etdirdiyi mövqe tamamilə səhvdir”

İran prezidenti Həsən Ruhani Yeni il bayramı ilə əlaqədar bu ölkədə erməni icmasına aid olan "Avetisyan" xəstəxanasını ziyarət edib. Ruhani həmçinin erməni xəstəxanasına 1 milyard tümən bağışlayıb. Maraqlıdır ki, İranda yaşayan 35 milyon Azərbaycan türkünə isə molla rejimi tərəfindən heç bir haqq tanınmır. Politoloq Elxan Şahinoğlu isə ehsab edir ki, İran həmişə Ermənistanı müdafiə edərək dəstəkləyib. Həsən Ruhaninin şərti adının mühafizəkar olmasına baxmayaraq, Azərbaycanı qıcıqlandıracaq addımlar atır. E.Şahinoğlu bildirdi ki, H.Ruhani hakimiyyətə keçdikdən sonra da İranın Azərbaycana qarşı münasibət dəyişmədi. Politoloqun dediyi sözlərə görə, bu günədək Ruhaninin dilindən Azərbaycanla strateji tərəfdaşlıq haqqında heç bir söz eşidilməyib: "Amma bunun qarşılığında prezidentlə yanaşı hökumətin bütün üzvləri Ermənistanın lehinə olan fikirlər səsləndirirlər. Ruhaninin erməni icmasına külli miqdarda yardım ayırması və onlara necə önəm verməsi hər şeyi açıq şəkildə göstərir. Bundan sonra da prezidentin xarici siyasətində də Azərbaycan heç bir yenilik gözləməməlidir. İranın Azərbaycan və Ermənistana münasibəti dəyişməyəcək. Çünki Ermənistan İran üçün Azərbaycana əsas təzyiq vasitəsidir". İranın Azərbaycana qarşı aqressiyasının səbəbini izah edən E.Şahinoğlu dedi ki, Azərbaycanın güclənməsi və İran daxilindəki azərbaycanlıların Şimala olan isti münasibəti molla rejimini narahat edir: "Ona görə də İran Azərbaycanın zəiflənməsinə çalışır. Bu amillər İran-Azərbaycan münasibətlərində mənfi tendensiya yaradır. Molla rejiminin Azərbaycanla bağlı nümayiş etdirdiyi mövqe tamamilə səhvdir. Amma bunun qarşılığında Azərbaycan İranın parçalanmasında maraqlı deyil. Azərbaycanın əsas qayğısı İranda yaşayan azərbaycanlıların problemlərilə bağlıdır. Bu isə obyektivdir. Dağlıq Qarabağ faktoruna görə, İran Türkiyə kimi Ermənistanla əlaqələrini kəssəydi, proseslər tamam müsbət məcraya doğru gedəcəkdi. Hər iki Azərbaycanın İrana inamı yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00