“Putin SSRİ adından özü üçün, elə-belə istifadə edir” - AÇIQLAMA

Zərdüşt Əlizadə: “Rusiya bu mənada keçmiş postsovet xalqlarını bir araya toplayacaq siyasi qüvvə deyil”

"Kremlin yeni SSRİ ideologiyası baş tutmayacaq" - politoloq Zərdüşt Əlizadə "OLAYLAR"a açıqlamasında belə deyib. Z.Əlizadə fikrini belə izah etdi ki, indiyədək yaranmış bütün imperiyalar dağılıb, bu tarixi zərurətdir. Politoloq bildirdi ki, Rusiya imperiyası tarixdə bir neçə dəfə dağılıb: "İmperiyanı yenidən bərpa etmək üçün siyasi və iqtisadi parametrləri özündə birləşdirən kommunizm ideologiyası ortaya atıldı. Həmin layihə əsasında Rusiya imperiyasını SSRİ adı ilə bərpa etdilər. Layihə rəhbərliyin kütbeyinliyi nəticəsində iflasa uğradıqdan sonra imperiya təkrar dağıldı. İndi də Rusiya imperiyasını yenidən bərpa etmək üçün heç bir çərçivə, layihə və ideologiya yoxdur. Məsələn Avropa İttifaqı müəyyən mərhələli çətinliklərlə yaradıldı. İttifaqı dinamik inkişafa sahib olan Avropa dövlətləri çox yaxşı şəkildə qoruyub saxlaya bilirlər. Rusiya isə tənəzzülə uğrayan dövlətdir. Federasiya əhalisini, iqtisadiyyatını, mədəniyyətini, siyasətini, sənayesini itirə-itirə gedir. Rusiya bu mənada keçmiş postsovet xalqlarını bir araya toplayacaq siyasi qüvvə deyil. Vladimir Putin isə adı niskillə xatırlanan SSRİ-ni özü üçün siyasi vasitə kimi götürüb. Rusiya əhalisini 5-10 il aldatmaq üçün istifadə edilir. Cəhdlər isə heç bir nəticə verməyəcək. Rusiya və Avropanın aparıcı siyasət alimləri də bunu deyirlər. Ancaq bəzi kəmsavad insanlar SSRİ-nin yaranmasına ciddi yanaşırlar. Əslində bu ölü doğulmuş ideyadır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00