Qiyamçı polkovnikin revanş cəhdi - SİYASİ ANALİZ

Surət Hüseynov qazilərin dəstəyini almağa çalışır

Adı Azərbaycanın müasir tarixinə qiyamçı polkovnik kimi düşmüş, Azərbaycan dövlətçiliyinə qarşı çıxıdığına görə 8 il həbsdə yatmış Surət Hüseynov aktivləşib. Hələ iki il öncə onun sosial şəbəkələrdə səhifələri açılmışdı, tərəfdarları onu "qəhrəman polkovnik", "əzabkeş sərkərdə" kimi təqdim edirdilər. O zaman siyasi müşahidəçilər bildirirdilər ki, dəfələrlə Azərbaycan dövlətçiliyinə, Azərbaycanın müstəqil xarici siyasət kursuna qarşı çıxmış Rusiyaya bağlı sabiq polkovnik hər an dövlətçilik və sabitlik üçün təhlükəyə çevrilə bilər. Azərbaycan insanının yaddaşında Surət anarxist, qiyamçı kimi qalıb. Cəmiyyətdə bu adam haqqında müsbət fikir mövcud deyil. Ona görə də, Surətin yaratdığı hər hansı birlik, təşkilat insanlarda qıcıq doğurur. Tərəf.info saytına verdiyi açıqlamada Surət Hüseynov yeni təşkilatın-Qazilər Fondunun yaradıldığını bildirib. Qarabağ qazisi Zaur Həsənovun faciəvi ölümündən sonra aktuallaşmış bu məsələdən sabiq qiyamçı da iştifadə etmək qərarına gəlib. Hazırda Türkiyədə yaşayan qiyamçı polkovnik bildirir ki, qurumun sənədlərini hazırlayırlar və əsas məqsəd Qarabağ qazilərinin sosial problemləri ilə maraqlanmaq, onlara yardım etməkdir. Müsahibədə müxalifətçi platformadan çıxış edən Hüseynov açıq-aşkar Qarabağ döyüşçülərinin, müharibə veteranlarının dəstəyini almağa çalışır. Dövlətçilik tərbiyəsi olmayan, hələ də müstəqil Azərbaycanın varlığını qəbul edə bilməyəyn Surət Hüseynov fürsət adamıdır. Cəmiyyətdə azca sosial narazılıq, müəyyən gərginlik yaranan kimi ortaya çıxmaq, tərəfdar toplamaq, hakimiyyət iddiasında bulunmaq istəyir. Surət Hüseynov Azərbaycan vətəndaşıdır və qanunlar çərçivəsində siyasətlə məşğul ola, partiya qura, hakimiyyətə iddialı ola bilər. Amma Azərbaycan insanının yadında savadsız məmur, bacarıqsız korpus komandiri və nəhayət, vətən torpaqlarını öz siyasi maraqlarına görə düşmənə peşkəş eləmiş  hərbçi kimi qalıb. Bu üzdən onun siyasi partiya quraraq siyasətə gəlməsi mümkün deyil. Onun siyasi liderliyini kimsə qəbul etməz. Surət Hüseynov qeyri-hökumət təşkilatı rəhbəri kimi də uğur əldə edə bilməzdi. Bir zamanlar Yun Şirkətinin rəhbəri, Qərb ordu korpusunun komandiri kimi müəyyən səlahiyyətləri olduğundan müəyyən insanlara rəhbərlik edib. Surət yalnız həmin insanların, onların yaxınlarının dəstəyinə ümid edə bilər. Müharibə veteranları istənilən cəmiyyət üçün həssas təbəqə sayılır. O üzdən bu cameəyə dövlətçiliyə düşmən münasibəti açıq bilinən şəxslər yaxın buraxılmamalıdır. Surət Hüseynov əlində müəyyən vəsaitləri saxlaya bilmiş sabiq məmurdur. O, müəyyən sosial yardımlarla Qarabağ qazilərinin diqqətini çəkə, siyasi xal toplaya bilər. Müharibənin od-alovunu görmüş adamlar bütün zamanlarda narazı olublar, əlavə imtiyazlar tələb ediblər. Belə bir kəsimin Surət Hüseynov kimi anarxisitin təsirinə düşməsi yaxşı heç nə vəd etmir. Hüseynov kimi dağıdıcı adamın siyasətə qoşulması, Qarabağ qazilərinin dəstəyinə nail olmağa çalışması təhlükəli tendensiyadır və qarşısı alınmalıdır. Azərbaycan dövlətinin iqtisadi gücü vətəndaşına, veteranına sahib çıxmağa yetir. Azərbaycan dövləti üçün, vətən torpaqlarının azadlığı üçün canını, sağlığını vermiş Qarabağ qazilərinin qiyamçı polkovnikin qəpik-quruşuna ehtiyacı yoxdur.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00