Həmsədrlər 1992-ci ildən Ermənistanın tərəfini tutublar
8 Yanvar 2014 17:06 Siyasət"Həmsədr dövlətlərin maraqları bir-birilə toqquşur. Çox zaman onlar haqq-ədalət tərəfindən yox, öz maraqlarından çıxış edirlər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə millət vəkili Elman Məmmədov çıxış edib. Millət vəkili bildirib ki, həmsədr dövlətlər 1992-ci ildən Ermənistanın tərəfini tutublar: "Onlar yalnız ermənilərin dediyini deyib, Azərbaycanı güzəştə məcbur etmək istəyirlər. Amma vaxtı ilə Ulu öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin də birmənalı olaraq qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaq. Torpaqlarımızın bir qarışını da güzəştə getməyəcəyik. Azərbaycanın güzəşti odur ki, ermənilərə yüksək statuslu muxtariyyət versin". Elman Məmmədov onu da deyib ki, ATƏT-in qərarlarının icra mexanizmi yoxdur və ona görə də, işğalçılıqdan əl çəkməsi üçün erməniləri məcbur etmək çətindir: "Amma münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunarsa, Ermənistanı məcbur etmək olar ki, işğal etdiyi torpaqları tərk etsin".