Müxalifət daixlində mövqe savaşı qızışır - SİYASİ ANALİZ
AXCP Müsavatı təkləməyə çalışır
8 Yanvar 2014 14:50 SiyasətMusavat Partiyasının Milli Şuradan ayrılmasından sonra müxalifət daxilində yeni siyasi situasiya yaranıb. AXCP rəsmiləri Müsavatı aşağılamağa cəhd etsələr də, bu partiyanın Şuranın qurulmasına böyük payı vardı və Müsavatın yeir boş qalacaq. Müsavatın ayrılmasından sonra müxalifət daxilində nə baş verəcək? Milli Şura da dağılacaqmı? Yoxsa Müsavat zəifləyəcək, Milli şura güclənəcək? Bu sualların cavabını indi vermək mümkün deyil. Müsavatın bu riskli addımı partiyanın özü üçün xeyirli də ola bilər, zərərli də. Ölkədə 201113-cü illərdəki siyasi vəziyyət yaranarsa, radikal qüvvələr eyforiya yarada bilərsə, o zaman Müsavatın işi zor olacaq. Yox durum belə davam edərsə, AXCP təbliğatı Müsavata heç nə edə bilməyəcək.
İndilikdə Müsavatın qərarının müxalifət düşərgəsində yaradacağı fəsadlardan danışa bilərik. Müsavatın qərarı açıqlanandan sonra Milli Şuranın ilk fövqəladə toplantısını Müsavat təbliğatı "antiMüsavat toplantısı" kimi xarakterizə edib. AXCP yetkililərinin, AXCP-yə yaxın partiyaların, Milli Şura fəallarının açıqlamaları göstərir ki, radikal müxalifət qanadı çox qəzəblidir və onlar müxalifətin hazrıki durumunun, seçkidəki uğursuzluğunun suçunu Müsavatın üstünə atmaq istəyirlər. AXCP-nin ittihamı daha sərtdir. Partiya sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, bu, Müsavat Partiyasının siyasi kursunun dəyişməsi deməkdir: "Bu bir daha onu göstərdi ki, əvvəlcədən belə bir qərar var imiş və bu qərarın həyata keçirilməsi üçün müvafiq bəhanələr axtarırdılar. Bu, Müsavat Partiyasının artıq siyasi kursunun dəyişməsi deməkdir. Partiya rəhbərliyində olan şəxslər özəl, korporativ maraqlarına görə Milli Şuradan çıxmaqla partiyanın siyasi kursunu dəyişməklə bağlı qərar verdilər".
AXCP-nin təbliğat ruporu Milli Şura üzvlərindən Eldəniz Quliyevi (El hərəkatı),
Gültəkin Hacıbəylini (Ziyalılar Forumu), Məşədi Natiqi (İslam Partiyası), Rafiq Manaflını (VHP), Fuad Ağayevi (Ziyalılar Forumu),
Sülhəddin Əkbəri (ADP), Rəşid Hacılını (müstəqil), Yeganə Hacıyeva(sabiq müsavatçı) və KXCP-dən Xəzər Teyyublunun danışdırıb. Onlar birmənalı şəkildə Müsavatın addımı qınayıblar. Milli Şuradan çıxmış ALP-nin də hazırda eyni mövqedə olduğu bəlli məsələdir. AXCP yetkililəri Müsavatın bu qərara hazırlaşdığını iddia edir. Baş verənlər açıq şəkildə göstərir ki, AXCP-də də Müsavatın Milli Şuradan çıxma qərarını gözləyirmişlər. Hər şey hazırdır. Müsavata qarşı danışacaq adamlar da müəyyən olunub. Hətta istefa bəyanatı verəcək müsavatçılar da bəlkə də məlumdur. Müşahidələr göstərir ki, AXCP bu faktdan maksimum istifadə edərək Müsavatı müxalifətə arxa çevirməkdə, siyasi bazarlaşmada ittiham edib, İsa Qəmbəri mümkün qədər müxalifətdən dışlamağa çalışacaq. AXCP islamçıları, lideberalları, KXCP-nin timsalında köhnə hərəkatçıları, Sülhəddin Əkbər və Yeganə Hacıyevanın timsalında Müsavat rəhbərliyindən narazı sabiq və indiki müsavatçıları Milli Şura ətrafında birləşdirməyə çalışacaq. "Yeni Müsavat"ın manşet yazısında "Müsavat başqanı yəqin etdi ki, Əli Kərimli ilə hakimiyyətə gəlmək mümkün deyil. Müsavat bir daha AXCP ilə birgə olmayacaq" hədə-mesajının verilməsi onu göstərir ki, AXCP-Müsavat savaşı uzun müddət-ən azı parlament seçkilərinə qədər davam edəcək. Milli Şura daxilində məsələ aydındır. Hər kəs Müsavat əleyhinə toparlanacaq. KXCP-nin mövqeyi əsasdır. Əgər klassiklər Milli Şurada qalsalar, Müsavatın təklənməsi qaçılmaz olacaq.
Ərhun Abbas