"Müsavatın müttəfiqlərini tərk etməsi birinci dəfə deyil” - FİKİR

Aydın Mirzəzadə: “Müsavatın Milli Şuradan getməsi o partiyanın sırf öz maraqları ilə bağlıdır”

Ötən ilin sonlarına qədər şimal qonşumuz Rusiyanın seçkiöncəsi layihəsi olan Milli Şurada birgə əmıkdaşlıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında yeni bir gərginlik meydana çıxıb. İkincinin AXCP-dən xəbərsiz Milli Şuradan çıxmasını heç cürə həzm edə bilməyən cəbhəçilər müsavatçıları həm özlərinə yaxın olan kütləvi informasiya vasitələri, həm də sosial şəbəkələrdə kəskin tənqid edirlər. Hətta iş o yerə çatıb ki, tərəflər bir-birilərini təhqir etmək və siyasi alverdə günahlandırmaqdan da çəkinmirlər. Heç şübhəsiz ki, rəhbər strukturlar arasında yaşanan bu gərginlik sıravi partiya funksionerlərinə də təsirsiz ötüşmür və onlar da mərkəzdən qaçmaya üstünlük verirlər. Bəs digər siyasilər, partiya rəsmiləri Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat arasında yaranmış gərginliyi nə ilə əlaqələndirir və bu prosesin sonunu necə görürlər?

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Müsavat Partiyasının "Demokratik Qüvvələrin Milli Şurası" adlı seçkiqabağı yaradılmış bloku tərk etməsi bəyanatı bu günün əsas siyasi xəbərlərindən hesab edilə bilər. Onun sözlərinə görə, əslində adı qeyd edilən siyasi təşkilatın bloku tərk edəcəyi çoxdan gözlənilirdi: "Çünki, hadisələr göstərdi ki, partiya bloka qalib gəlməyə və radikal siyasi qüvvələr əsasında uzun müddətli bir siyasi mərkəz yaratmağa yox, öz partiya maraqlarını daha da gücləndirməyə gəlmişdi". Aydın Mirzəzadə onu da bildirib ki, Milli Şuranı Azərbaycan siyasətinin ciddi bir qüvvəsi hesab etməyin özü siyasətə qeyri-ciddi yanaşma sərgiləmək olardı: "Cəmiyyətdə hər seçkidən-seçkiyə radikal baxışlara sosial təlabat azalır. Kiçik radikal dərnəklərinin birləşməsi isə sadəcə olaraq bir qədər böyük bir təşkilat yaratmaqdan başqa bir şey deyildi. Müsavat Partiyasının da ildən-ilə sosial bazasının zəiflədiyi göz qarşısında idi. Uğursuz və məğlubiyyətə uğrayan siyasəti həmin partiyanın tərəfdarlarının sayının azalmasına səbəb olurdu. Partiyadan bir çox tanınmış müxaliflər gedir, yerinə isə gələnlər cəmiyyətdə elə də böyük nüfuz qazana bilmirdilər. Bu uğursuzluğu isə artıq bir çox müsavatçılar partiyaya 22 ildir fasiləsiz başqanlıq edən İsa Qəmbərin adı ilə bağlayırdılar. 2013-cü ildə o yenidən məğlub olsaydı, onun istefası çox ciddi şəkildə qoyulacaqdı. Ona görə də partiya rəhbərliyi keçən ilki seçkilərdə asanlıqla 74 yaşlı "gənc siyasətçi" Rüstəm İbrahimbəyovun çətiri altında durmağa razılıq verdi. Ona istənilən yolla bu ili başa vurmaq və yenidən müsavatçıları beş ildən sonrakı prezident seçkilərinə aparmaq lazım idi. Nəzər alsaq ki, artıq 4 ildir ki, Müsavat Partiyasının qurultayı müxtəlif bəhanələrlə yubadılır və İsa Qəmbər partiya rəhbəri postunda qeyr-qanuni olaraq oturur, taktika özünü tamamilə doğruldurdu". Hakim partiyanın rəsmisi onu da qeyd edib ki, Müsavat Partiyasının müttəfiqlərini seçkidən sonra azacıq qələbəni götürərək tərk etməsi birinci dəfə deyil: "2003-cü ildə o belə bəhanələrlə "Bizim Azərbaycan" seçki blokunu, 2005-c ildə "Azadlıq" blokunu da tərk etmişdi. Hər dəfə də onunla blok yaradanlar heç olmasa bu dəfə İsa Qəmbər Müsavatının onlarla axıracan gedəcəyini düşünürdülər". Aydın Mirzəzadənin sözlərinə görə,  Müsavat Partiyasının  Milli Şuradan getməsi o partiyanın sırf öz maraqları ilə bağlıdır: "Qarşıdan parlament seçkiləri gəlir. Ona kimi o özünü Milli Şuranın uğursuzluğundan uzaq tutacaq və bloka qarşı olan ittihamlara cavab vermək məsuliyyətindən azad olacaq. Kimlərsə ola bilsin Müsavat Partiyasının heç olmasa növbəti seçikilərə ciddi hazırlaşacağı və göstəricilərini bir qədər yaxşılaşdıracağını gözləyir. Ancaq belə görünür ki, onları seçkidə qələbə qazanmaq yox, siyasətdə görünmək maraqlandırır. Belə olmasa idi, seçkilər arası ölkənin aktual problemlərinin həllinə dair ciddi konsepsiyalar və təkliflər hazırlaya bilərdilər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00