Keçmiş millət vəkili 22 ildən sonra Əli Kərimlinin sirrini açdı - AÇIQLAMA
Cümşüd Nuriyev: “Planın qarşısını İsa Qəmbər aldığına görə, bu gün Müsavat başqanının Azərbaycanda bir nömrəli düşməni Əli Kərimlidir”
8 Yanvar 2014 14:13 SiyasətPolitoloq, sabiq millət vəkili Cümşüd Nuriyev AXCP sədri Əli Kərimli barədə "OLAYLAR"a maraqlı məlumat verib. Müsavat başqanı İsa Qəmbər və AXCP sədri arasındakı soyuq münasibətin əsl təfərrüatı barədə C.Nuriyev belə danışıb: "Əli Kərimlinin hər şeyi "qara görməsi"nin səbəbi odur ki, deputat ola bilmədi. O vaxtı ölənlər vardı. Parlamentdə bir neçə yer boşalmışdı. Əli Kərimli təcili deputat seçilmək istədi. Məqsədi o idi ki, deputat seçiləndən sonra parlamentə sədrliyi ələ keçirib ən gənc sədr kimi tarixə düşsün. Həmin dövrdə İsa Qəmbər Məhəmməd Əmin Rəsulzadədən sonra tarixə düşmüşdü. Əli Kərimli isə Müsavat başqanından da irəli getmək niyyətindəydi. Amma İsa Qəmbər spiker kimi onun fikrini başa düşdü və həmin vaxt parlamentə seçkilərin keçirilməsi məqbul sayılmadı. O gündən də Əli Kərimli İsa Qəmbəri bütün məsələlərdə qısqanmağa başlayıb. 22 ildən sonra bu sirri açıram. Əli Kərimli həmin dövrdə tarixə 28 yaşlı dövlət katibi kimi düşdü. Amma o qeyri-konstutision vəzifə idi. Bununla bağlı Azərbaycan Konstitusiyasında heç bir maddə yox idi. İndi də yoxdur. Spiker həmin dövrdə prezidentdən sonra ölkədə ikinci adam sayılırdı. Əli Kərimli də xaricdən aldığı tapşırıq əsasında həmin vəzifəni tutmağa çalışdı. Planın qarşısını İsa Qəmbər aldığına görə, bu gün Müsavat başqanının Azərbaycanda bir nömrəli düşməni Əli Kərimlidir". ("OLAYLAR" İA)