"AXCP Müsavatın Milli Şuradan çıxmasına sevinir” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Bu günədək Azərbaycanda müxalifətin formalaşmamasının bir nömrəli səbəbkarı Əli Kərimlidir”

"AXCP-ın Milli Şuradan çıxdıqdan sonra Müsavata etdiyi hücumlar sevincdən doğur. Çünki AXCP həmişə Müsavatı özünə ciddi rəqib kimi görüb. Nəzərə alsaq ki, Xalq Cəbhəsi təkcə Əli Kərimlidən ibarətdir, yəni ki, onun müavinləri insanlar tərəfindən qəbul edilmir və tanınmırlar" - politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev hesab edir ki, AXCP-dən fərqli olaraq, Müsavatın İdarə Heyətində kifayət qədər tanınmış siyasətçilər var. Politoloq bildirdi ki, Müsavat Milli Şuraya daxil olanda səhv etdi. Amma indi ziyanın yarısından qayıtmaq da yaxşıdır. Əli Kərimli isə Müsavatı 2015-ci ilin parlament seçkisində yer almaqda ittiham edir. Çünki Kərimli Müsavatın Milli Məclisdə iştirak etməsini istəmir: "Əli Kərimli qorxur ki, İsa Qəmbər parlamentə düşsə, onun üçün problem yaranacaq. Bunun arxasında isə Əli Kərimlinin İsa Qəmbərə olan şəxsi qısqanclığı, həm də ondan qisas hissi dayanır. Sədr nə qədər çalışsa da başqanın kölgəsindən çıxa bilmir. Kölgə artıq Əli Kərimli üçün də bir kompleksə çevrilib. AXCP sədri həmişə ilanı Seyidəhməd əli ilə tutmağa çalışır. Heç vaxt bu məsələləri özü gündəmə gətirmir, ətrafından istifadə edir. İndi də bunun üçün Fuad Qəhrəmanlını ortaya atıb. Nə qədər ki, Azərbaycan müxalifətində Əli Kərimli faktoru var, müxalif cəbhə bundan da pis vəziyyətə düşəcək. Bu adam "Yurd" Təşkilatı yaranandan bu yana ancaq, qarşıdurma və nifaq salmaqla məşğuldur. Heç kəs deyə bilməz ki, Əli Kərimli nə vaxtsa, müxalifətin birliyi üçün çalışıb. Sədrin tələbə yoldaşları belə onu tərk edib getdilər. Əli Kərimli təklikdə olanda özünü güclü hiss edir, amma İsa Qəmbərin yanında belə deyil. Sədr hesab edir ki, Müsavat Milli Şuradan çıxandan sonra qurumu "kukla" teatrına çevirəcək. Amma AXCP başa düşmür ki, Eldar Namazov qurumu çoxdan tərk edib, Mirmahmud Mirəlioğlu Əli Kərimli ilə tək qalmağı ağlına belə gətirmir, Sabir Rüstəmxanlının adamlarının da nə vaxtsa, cəbhəçilərlə yola gedəcəyi inandırıcı deyil. Yəni ki, Əli Kərimli bir həsir qalıb, bir Məmmədnəsir. Bu günədək Azərbaycanda müxalifətin formalaşmamasının bir nömrəli səbəbkarı Əli Kərimlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00