Müsavat fürsəti əldən vermədi

Milli Şurada qüvvələr nisbəti İsa Qəmbərin xeyrinə deyildi

"Müsavat Partiyasının Milli Şura adlanan qeyri-ciddi bir qurumu tərk etməsində qeyri-adi heç nə yoxdur, bu, əslində çoxdan gözlənilən idi". Bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, adıçəkilən qurum yaranan gündən Müsavatla həmin Milli Şuraya rəhbərlik edən şəxslər, orada təmsil olunan digər təşkilatlar arasında ciddi problemlər, qalmaqallar yaşanır və özünü büruzə verirdi: "Təsadüfi deyil ki, Milli Şuradan kənarda qalan və ya saxlanılan Müsavatətrafı qüvvələr də həmin təşkilatı mütəmadi olaraq hədəfə götürür, onu başqa ölkənin və dairələrin layihəsi adlandırırdılar. Milli Şuranı hədəfə alan həmin qüvvələr Müsavat Partiyasının və onun rəhbərliyinin tapşırığı, sifarişi olmadan bunu özbaşlarına edə, özfəaliyyətlə məşğul ola bilməzdilər. Buna da təbii ki, əsas səbəb ilk gündən Milli Şurada qüvvələr nisbətinin Müsavatın xeyrinə olmaması idi. Müsavat, onun lideri bütövlükdə radikal müxalifətin və Milli Şuranın vahid, əsas namizədi kimi seçkilərə qatılmaq iddiasındaydı və bunu da heç zaman gizlətmirdi. Amma dediyim kimi, Milli Şurada qüvvələr nisbəti Müsavatın və onun başqanı İsa Qəmbərin xeyrinə deyildi. Milli Şurada 3-5 nəfərdən başqa demək olar ki, Müsavata və onun liderinə dəstək verən, onu vahid, əsas namizəd qismində görən yox idi. İstər Əli Kərimli, istər Rəsul Quliyev, istər Lalə Şövkət, istər Mirmahmud Mirəlioğlu, istər Eldar Namazov, istərsə də onların rəhbərlik etdiyi azsaylı təşkilatlar Müsavatın və onun başqanının liderliyini birmənalı olaraq qəbul və həzm edə bilmirdilər. Milli Şura daxilində iddiaları təmin olunmayan Müsavatla digər təşkilatlar arasında münasibətlər birmənalı şəkildə pisləşdi və bu baxımdan, əslində Müsavat üçün Milli Şuradan ayrılmağa bir bəhanə, fürsət yaranmış oldu. Müsavat da bu fürsətdən yararlanaraq sonda Milli Şuranı gözlənildiyi kimi, tərk etdi. Amma istər Müsavat Milli Şurada qalsın, istər qalmasın və yaxud da, ayrılıqda fəaliyyət göstərsin, istər Milli Şura olsun, istər olmasın, heç bir fərqi yoxdur və olmayacaq. Bu gün Müsavat, Milli Şura başda olmaqla bütün radikal qüvvələr çox zəif və gücsüzdürlər".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00