Müxalifət parçalandı

Müsavat Milli Şuradan getdi

Müsavat Partiyası Milli Şuranı tərk edib. Bu barədə sabiq millət vəkili, Divan üzvü İkram İsrafil məlumat verib. Partiyanın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu da məlumatı təsdiq edib. Müsavatın bu addımı gözlənilən idi. Partiya hələ 10 gün öncə bu addımı atmalı idi. Son Məclisin sessiyası Qarabağ qazisinin ölümü günlərinə təsadüf etməsəydi, partiya bu addımı atacaqdı. Lakin Müsavat ictimai rəydən çəkindi və bu addımı atmadı. Aşkar görünürdü ki, Müsavat Şurada qalmayacaq. Onsuz da partiya şuraya candərdi qoşulmuşdu. Müsavat vahid namizədi könülsüz dəstəklədi, aksiyalara ürəksiz çıxdı. Və fürsət axtardı ki, Şuranı tərk etsin. Milli Şuranın xarici siyasət kursu, "rus projesi" olması və ya Avrointeqrasiya kursuna zidd getməsi hamısı bəhanə idi. Milli Şura Müsavatın marağına uyğun deyildi-vəssalam! AXCP Milli Şuradakı üstünlüyündən maksimum Müsavatın əleyhinə yararlandı. Öncə Rüstəm İbrahimbəyovu, sonra Cəmil Həsənlini Müsavata qarşı qoymağı bacardı. Müsavat seçkidən sonra özünə gələ bildi və ilk fürsətdəcə Milli Şuranı topa tutdu. Rauf Arifoğlu Milli Şuranı sərt tənqid etdi və Müsavatın qurumdan çıxmasını zəruri saydı. Ardınca Arif Hacılı, İsa Qəmbər, Arzu Səmədbəyli də Müsavatın Şuradan çıxmasından yana olduqlarını bildirdilər. AXCP buna paralel olaraq "Müsavat mandat bazarlığına getmək üçün Milli Şuradan çıxmaq istəyir" təbliğatını apardı.  AXCP fəalları, funksionerləri sosial şəbəkələrdə Müsavata qarşı qara piarı gücləndirdilər. Cəbhəçilər bəzən əndazəni aşır, Müsavata Şuradan çıxmağa əsas verirdilər. Müsavatın partiyalarla apardığı danışıqlar iflasa uğrasa da, partiya Şuradan çıxmaq qərarında qəti oldu. Yeni ilin ilk iş günü Müsavatın Milli Şuradan çıxdığı bəyan olundu. Maraqlıdır ki, Müsavatın qərarı qəfil elan edilib. Divanın iclası da belə görünür ki, gizli keçirilib. Müsavat bununla ictimai qınaqdan qaçmaq istəyirsə, yanılır. AXCP Müsavata qarşı qara piarı daha gücləndirəcək. Partiya "müxalifətə arxa çevirməkdə", "Milli Şuranı sifarişlə dağıtmaqda" suçlandırılacaq. Bəs Milli Şuranın taleyi necə olacaq? Cəmil Həsənlinin sədr olmasından xoşlanmayan El hərəkatı hansı qərarı verəcək? AXCP-nin Milli Şuradan dördəlli yapışacağı, qurumu gücləndirməyə çalışacağı şəksizdir. Böyük ehtimalla, Rüstəm İbrahimbəyov Milli Şuraya həmsədr qaytarılacaq. Lalə Şövkət və ALP-nin quruma qayıdacağı gözlənilir.  KXCP-nin mövqeyi maraq doğurur. Onu da qeyd edək ki, Milli Şuranın taleyi xeyli dərəcədə KXCP-nin mövqeyindən asılı olacaq. Klassiklər qurumu tərk etsə, Milli Şura daha da zəifləyəcək. Ehtimal ki, KXCP ana müxalifətlə bir arada olmağı tərcih edəcək. Müsavatın mövqeyi zəif olduğundan bu arada heç bir partiya İsa Qəmbərlə əməkdaşlığa can atmayacaq. Bəs Müsavatdan istefalar, qopmalar mümkündürmü? Partiya elitası mütləq şəkildə Rauf Arifoğlu-Arif Hacılı-Pənah Püseyn üçlüyünün təsiri altındadır. O baxımdan rəhbər qurumlardan istefalar qeyri-realdır. Ancaq rayon təşkilatları haqqında bu əminlikdə deyilik. Ola bilsin ki, AXCP emissarları rayonlarda sadə müsavatçılarla iş aparıb, onlardan bəzilərini "Arif Hacılıgil mandat bazarlığına gedib" söhbətinə inandıra biliblər.   Belədirsə, Müsavatın rayon təşkilatlarından istefalar realdır. Amma bu proses kütləvi olmayacaq. Ümumilikdə, bu aşamada Müsavatın Milli Şuradan çıxması ciddi itkilərsiz başa gələcək. Ancaq sonrakı mərhələdə, xüsusən seçki dönəmində Müsavat qopmalardan yaxa qurtara bilməyəcək.

Ərhun Abbas 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00