“Rusiya Azərbaycana qarşı istifadə etdiyi təzyiqin tələsinə düşdü” - AÇIQLAMA

Ərəstun Oruclu: “Terrorçularla, qiyamçılarla əməkdaşlığın nəticəsi ağır olur”

Təcrübə göstərir ki, radikallarla, terrorçularla, qiyamçılarla, ekstremistlərlə siyasi əməkdaşlığın bir qayda olaraq çox acınacaqlı nəticələri olur. Müxtəlif terrorçu qruplar, təşkilatlar sonda öz silahını mütləq onları yaradanlara, dəstəkləyənlərə qarşı çevirir. Bu da təbiidir, çünki özündə güc hiss edən zorakı qurumların getdikcə artan iddialarını onların sponsorları təmin edə bilmirlər və nəticədə də partnyorlar arasında ciddi münaqişə yaranır" - "OLAYLAR"ın məlumatına görə, politoloq Ərəstun Oruclu belə deyib. Ə.Oruclunun sözlərinə görə, bu qrupların mübarizə metodlarının və vasitələrinin nədən ibarət olduğunu nəzərə alsaq, belə münaqişənin necə həll olunacağını və onların nəticəsində nələrin baş verəcəyini təsəvvür eləmək də bir o qədər çətin deyil. Dünyanın bir sıra ölkələrinin belə əməkdaşlıqda özünü "yandırmasına" baxmayaraq, Rusiya da onların acı təcrübəsini keçmək yolunu tutdu. SSRİ dağıldıqdan sonra Şimali Qafqazda, xüsusilə də Çeçenistanda baş qaldıran milli-azadlıq mübarizəsini nüfuzdan salmaq və əzmək məqsədilə həmin respublikada və bütövlüklə Şimali Qafqaz bölgəsində dini radikalizmin (vəhabiliyin) yayılmasına göz yuman Rusiya, bəzən həvəslənərək bu amildən hətta yaxın qonşuları olan Azərbaycan və Gürcüstana qarşı da təzyiq vasitəsi kimi istifadə eləməyə çalışdı. Politoloq hesab edir ki, bu məqsədlə hər iki ölkə müsəlmanları arasında Şimali Qafqazdan olan emissarlar tərəfindən həmin ideyaların yayılması məqsədilə sistemli şəkildə müvafiq ədəbiyyat yaymaqdan tutmuş, casus və terrorçu şəbəkəsinin yaradılmasına qədər bütün əməllərə ən azı göz yumuldu: "Görünür, Moskvada kimlərsə bu amili həm nəzarətdə saxlaya, həm də təhdid vasitəsi kimi qonşularına qarşı istifadə edə biləcəyinə əmin idi. Nəticədə isə nə olmalı idisə o, da oldu. Təkcə son sutka ərzində Volqoqradda və Dərbənddə törədilən 4 terror aktı nəticəsində 30-dan çox adam ölüb, 70-ə qədəri də yaralanıb. Göründüyü kimi, Rusiyanın böyük geosiyasi layihə kimi nəzərdən keçirdiyi Soçi Qış Olimpiadası ərəfəsində bu ölkənin cənubunda ona qarşı əsl müharibə başlayıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00