Müsavat çıxılmaz durumda - SİYASİ ANALİZ

Partiya Milli Şuradan çıxmağa qorxur

Hamı əleyhinədi, amma çıxa bilmirlər

Müsavat Məclisinin son toplantısı bu partiyada Milli Şuraya münasibətə mütləq yekdilliyin olduğu faktını bir daha üzə çıxardı. AXCP təbliğatının əksinə olaraq təkcə Rauf Arifoğlu Milli Şura əleyhinə deyil. İsa Qəmbər, Arzu Səmədbəyli, Arif Hacılı, Divan üzvləri hesab edir ki, Müsavat Milli Şurada qalmamalıdır. Son açıqlamalarında Rauf Arifoğlu və Arzu Səmədbəyli Müsavatın Milli Şuradan çıxmasını vacib sayıb. Müsavat yetkililərinin arqumentləri təxminən belədir: Milli Şura prezident seçkiləri üçün, vahid namizədi dəstəkləmək üçün yaradılmışdı, qarşıdan isə bələdiyyə və parlament seçkiləri gəlir, ona görə də başqa bir siyasi qurum yaradılmalıdır. Müsavat Məclisində ictimai-siyasi vəziyyətlə bağlı hesabatında İsa Qəmbər daha qəzəbli danışıb.  "Milli Şuranı müqəddəs inək kimi toxunulmaz ediblər", "Yüz illik Müsavata qarşı 6 aylıq Milli Şuranı qoyurlar". Bu fikirləri Müsavat başqanı söyləyib. Onun çıxışını böyük həvəslə manşetə çıxaran "Yeni Müsavat" "başqandan Milli Şura tərəfdarlarına usta şilləsi", "başqan Rəsulzadəyə dil uzadanlara sərt sözlər dedi" kimi təqdim edib. İsa Qəmbərin ardınca çıxış edən əksər funksionerlər Milli Şuranın əleyhinə çıxıblar. Tural Abbaslı, Arzu Səmədbəyli Milli Şuranın öz missiyasını bitirdiyini bildirib. İsa Qəmbər bildirib ki, Milli Şura milli mənafelərə uyğun siyasət aparacaqsa, Müsavat orada fəaliyyətini davam etdirəcək.

Müsavat Milli Şuradan çıxmağa qorxdu

Məclisdən bir gün öncə verilən açıqlamalardan bəlli idi ki, Müsavat Milli Şuradan çıxmaq haqqında qərar verəcək. Amma Qarabağ qazisinin ölümü ilə bağlı yaranmış psixoloji vəziyyət Müsavatı bu qərardan çəkindirdi. Maraqlıdır ki, bütün Müsavat yetkililəri Milli Şuranın əleyhinə olsalar da, bu mövqeyi əsaslandırsalar da, Müsavat qərar verməyə qorxur. Bir gün öncə AXCP funksioneri Fuad Qəhrəmanlı da "Müsavat getmək istəyirsə, getsin" demişdi. Məclisdə Müsavat rəhbərləri buna da qəzəbləniblər. İsa Qəmbər "AXCP-siz Milli Şura mümkün deyil, amma Müsavatsız da mümkün deyil" açıqlamasını verib. Haqlı sual çıxır: o zaman Müsavat nədən Milli Şuradan çıxmır? Müsavatçılar haqlıdırlar: Müsavat olmasaydı, Milli Şura qurulmayacaqdı. Şuranın keçirdiyi aksiyalarda Müsavatın xüsusi payı var. Amma o da var ki, Milli Şuranın bütün strukturlarının iflic halına gətirilməsi də Müsavat "xidmətidir". İsa Qəmbərin vahid namizədliyi qəbul olunmayandan sonra Müsavat Milli Şuraya barmaqarası, könülsüz yanaşmağa başladı. Müsavat rəhbərliyi bir nüansı tutmur ki, artıq Milli Şuranın Müsavata ehtiyacı yoxdur. Müxalifətdəki siyasi qüvvələrin əksəriyyəti Müsavatın əleyhinədir. Müsavat çıxsa belə, Milli Şura dağılmayacaq, əksinə gedən partiyalar da geri qayıdacaqlar. Bunu AXCP rəhbərləri yaxşı bilirlər. Ona görə də Müsavatı Milli Şuradan itələyən açıqlamalarla çıxış edirlər. Müsavatın Milli Şuradan çıxması indiki halda yalnız partiyanın özünə zərər verəcək, Milli Şuraya fayda gətirəcək. AXCP və digər təşkilatlar Milli Şuranın "ümummilli hərəkata" çevirə bilsələr, Müsavatsız da ciddi qüvvə ola biləcəklər. O halda Milli Şuradan kənarda qalmış Müsavat çətin duruma düşəcək. Aşağılar rəhbərliyə tabe olmayacaq, partiyadan qopmalar başlanacaq. Müşahidələr göstərir ki, təcrübəli İsa Qəmbər qorxudan da budur. Müsavat rəhbərliyini həm də bu nüans ayıltmalıdır ki, əgər Müsavat Milli Şuradan çıxmağa qorxursa, deməli partiyanın əvvəlki gücü qalmayıb. Belə getsə, Müsavat marta qədər Milli Şuradan gedə bilməyəcək. O vaxta qədər Arif Hacılı, Rauf Arifoğlu qurum əleyhinə qara piarı davam etdirəcəklər. Müsavat heç bir halda "birliyi pozdu" ittihamını üstünə götürmək istəmir. Amma ilk fürsət yaranan kimi Müsavat Şuradan çıxacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00