AXCP-Müsavat savaşı açıq müstəviyə çıxdı - SİYASİ ŞƏRH

İbrahimbəyov Əli Kərimlinin oyunundan çıxdı, Milli Şura parçalana bilər

Kinodramaturq Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının fəxri sədrliyindən istefa verib. İstefa bəyanatında kinodramaturq açıq şəkildə Müsavat Partiyasını ittiham edib. "Mənim fəxri sədr seçilməyim ətrafında Müsavatın apardığı diskussiyalar Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsidir" deyən İbrahimbəyov bu addımı Milli Şuranı qorumaq məqsədilə atdığını bildirib. Onun istefasına münasibət fərqlidir. Müsavat partiyasının funksionerləri açıq-aşkar sevinclidirlər. Rauf Arifoğlu, Arif Hacılı partiyalarının qalib gəldiyini düşünürlər. Müsavat təbliğatı İbrahimbəyovun gedişi ilə  Milli Şuranın dağılacağını bildirir. Müsavata yaxın saytlar İbrahimbəyovun tamamilə istefa verdiyini, onun ardınca El hərəkatının da qurumdan çıxacağını yazırlar. Lakin sonradan məlum oldu ki, İbrahimbəyov sadəcə fəxri sədrlikdən gedib. El hərəkatı isə Milli Şuradan getmir. Arif Hacılı İbrahimbəyovun Müsavatla bağlı söylədiklərinin doğru olduğunu deyib. Bildirib ki, həqiqətən də Müsavat Rusiya vətəndaşının Milli Şuraya fəxri sədr olmasını istəmirdi. Müsavat xalq hərəkatından doğmuş partiyadır.  Bu partiyanın xalqımıza qarşı 20 yanvar, Qarabağ kimi faciələr yaşatmış bir dövlətə mənfi münasibəti anlaşılandır. Müsavat çox doğru olaraq hesab edir ki, Rusiya vətəndaşı sağ mərkəzçi qüvvələrə, milli demokratlara rəhbərlik edə bilməz. O zaman haqlı sual doğur: Müsavat başqanı İsa Qəmbər yayda Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyinə və prezidentliyə vahid namizədliyini nədən irəli sürürdü? Deməli, Müsavat "milli platforma", "Rusiya amili" məsələlərində səmimi deyil. Müsavat və digər qüvvələr Rusiyanın Azərbaycan dəyişiklik edəcəyini, Milyarderlər İttifaqının müxalifətə pul ayıracağını gözləyirdi. Amma belə olmadı, xəyallar suya düşdü.

Ümumiyyətlə, İbrahimbəyovun siyasi müxalifətə dəstəyi Milli Şuranı yaratmaqdan uzağa getmədi. Seçki qurtardı, qurum əhəmiyyətini itirdi. İbrahimbəyov əslində Cəmil Həsənli vahid namizəd olandan sonra Şura ilə yollarını ayrımışdı. Sadəcə, ondan istifadə edən siyasi qüvvələr: AXCP və El hərəkatı kinodramaturqu Şurada saxlayırdı. Onun fəxri sədr seçilməsi də AXCP-nin fitnəkar addımı idi və məqsəd Müsavatı sıxışdırmaq idi. Lakin AXCP-nin Müsavatı sıxışdırmağa gücü çatmadı. İbrahimbəyov amili də köməyə yetmədi. İbrahimbəyov artıq  Şurada rəhbər postda deyil. AXCP İbrahimbəyovun gedişinə görə Müsavatı suçlama kampaniyası aparsa da, bu, uzuan davam edə bilməz. Müsavat da AXCP-ni İbrahimbəyovla Müsavatı üz-üzə qoymaqda suçlayır. Artıq Arif Hacılının qardaşı Mustafa belə bir açıqlama ilə çıxış edib.  Belə görünür  ki, İbrahimbəyov AXCP-nin iradəsindən kənar addım atıb. Hər halda Əli Kərimli kinodramaturqun hələ bir müddət qalmasını, Müsavata təzyiqlərin davam etməsini istəyərdi. İbrahimbəyov doğru addım ataraq Müsavatla qarşıdurmadan çıxdı, bu qovğaya  AXCP-nin özünü atdı. Bundan sonra qüvvələr nisbəti bərabərləşib. Müsavat Milli Şuradan çıxa bilər. Belə görünür ki, Müsavat İctimai Palatanı, AXCP isə Milli Şuranı əldə saxlayacaq. İki təşkilatda müttəfiq olsalar da, əslində rəqib olan iki partiya formal müttəfiqliyi də poza bilərlər. Artıq bu təşkilatları bir arada tutacaq bağlar xeyli dərəcədə incəlib.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00