“Milli Şura Müsavatsız da dağılırdı” - AÇIQLAMA
Elxan Şahinoğlu: “Birlikdə ayrı-ayrı ideologiyalara malik olan partiyalar təmsil olunurdular”
27 Dekabr 2013 15:20 SiyasətRüstəm İbrahimbəyov Milli Şura sədrliyindən istefa verəndən sonra qurumdan kənara istefa axını başlayıb. Belə ki, sədrin istefasından dərhal sonra "EL" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev və digər üzvlər də eyni addımı atıblar. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun dediyi sözlərə görə, seçkilərdən qabaq da bəlli idi ki, müəyyən gedişlərdən sonra müxalifətin Milli Şuraya ehtiyacı qalmayacaq. Çünki qurum prezident seçkisinə hesablanmış format idi. Qurum planlaşdırılmış işin əksinə olaraq obyektiv və subyektiv səbəblərə görə, hədəfinə nail ola bilmədi. Digər tərəfdən Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmadı. E.Şahinoğlu hesab edir ki, ümumiyyətlə İbrahimbəyovun quruma sədr təyin edilməsi anlaşılan deyildi. Politoloq bildirdi ki, müxalifətin gözləntilərini yerinə yetirə bilməyən rejissor da sonda istefa vermək məcburiyyətində qaldı: "Milli Şura isə artıq bir format kimi çevikliyini tamam itirib. Əgər müxalifət 2015-ci ilin parlament seçkilərinə hazırlaşırsa, Milli Şura onun üçün düzgün seçim olmayacaq. Əgər müxalifət partiyaları təmsil olunduqları qurumlatrda biri-birlərini təhqir, ittiham edirlərsə, bu o deməkdir ki, müxalifət birliyi üçün qurum yaratmaq düzgün deyil. Yalnız eyni hədəf vuran partiyalar yığışıb birlik yarada bilərlər. Bu mənada Milli Şuranın indiki fəaliyyəti müxalifətin xeyrinə deyil". AXCP sədri Fuad Qəhrəmanlının Milli Şuranın dağılmasında Müsavat Partiyasını ittiham etməsi məsələsinə toxunan E.Şahinoğlu qeyd etdi ki, Milli Şura Müsavat olmadan da dağılma prosesinə daxil olub. Politoloq bildirdi ki, qurumda Müsavatsız da fikirayrılıqları var: "MŞ-da təmsil olunan KXCP və AXCP uzun illərdir ki, biri-birinin əleyhinə ittihamlar səsləndirirlər. Milli Şuranın dağılmasının əsas səbəbi Müsavat deyil. Birlikdə ayrı-ayrı ideologiyalara malik olan partiyalar təmsil olunurdular. MŞ-ın dağılmasının digər səbəbi isə daxildə olan qarşıdurmalar və ziddiyyətlər idi". ("OLAYLAR" İA)