““Hizbullah” Bakıda terror hadisəsi törədə bilər”

Qərb kəşfiyyat xidmətlərinin birindəki mənbə İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasının Bakıda hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib

Qərb kəşfiyyat xidmətlərinin birindəki mənbə İranın dəstəklədiyi "Hizbullah" qruplaşmasının Bakıda hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib. Rusiya mətbuatının  verdiyi məlumata görə, bu barədə Küveytdə nəşr edilən "ər-Rai" qəzeti məlumat yayıb.  Qərb kəşfiyyatlarındakı məlumatlara görə, "Hizbullah" Azərbaycan, Türkiyə, Kipr, Yunanıstan, Misir və bəzi Avropa ölkələrindəki İsrail obyektlərinə hücuma hazırlaşır. Qruplaşma bu hücumları həyata keçirmək üçün Avropa pasportları daşıyan şəxslərdən istifadə edəcək. Digər təfərrüatlar haqda məlumat verilməyib.
Politoloq Qabil Hüseyn hesab edir ki, "Hizbullah" bu cür terror aktları planlaşdırmaqla İsrailin və Qərbin maraqlarına zərbə vurmaq istəyir. Politoloq qərb kəşfiyyatından daxil olan məlumatların özünü doğrultduğunu və buna görə də məsələyə laqeyd yanaşılmamasını istəyir:
"Qərbin terrorla bağlı irəli sürdüyü ehtimalların böyük əksəriyyəti özünü doğruldub. Nəzərə alsaq ki, "Hizbullah" bilavasitə İranın təsiri altındadır və İranın da Azərbaycana münasibəti bəllidir. Bax bu nöqteyi nəzərdən İranın "Hizbullah" əli ilə ölkəmizdə hansısa niyyətləri həyata keçirmək fikrinə düşməsini zənn etmək olar. Belə bir hadisə bir dəfə olub. İsrail səfirliyinin "Hizbullah"çılar tərəfindən, əlbəttə İranın sifarişi ilə partladacağı haqqında məlumat qərb kəşfiyyatından ötürülüb. Bunun əsasında bizim xüsusi xidmət orqanları bir neçə adamı həbs ediblər. Mənim fikrimcə "Hizbullah" bütövlükdə qərb dövlətlərinə qarşı müharibə elan edir. Xüsusilə qərbin maraqları olan istənilən ölkədə terror aktının keçirilməsinin səs gətirə biləcəyini düşünürlər. Qərbin Azərbaycan kimi ölkələrdə, həmçinin həmin ölkələrin qərblə xüsusi maraqları var. Hizbullah bu maraqlara zərbə endirmək istəyir".
Ehtiyatda olan polkovnik-leytinant və hərbi ekspert Üzeyir Cəfərov isə ehtimal edir ki, Hizbullah bu cür xaos yaratmaqla Azərbaycana həm iqtisadi, həm də mənəvi zərvə vurmaq istəyir. Ü. Cəfərovun fikrincə bəzi ölkələrin Azərbaycanın maraqlarını önləmək üçün "Hizbullah" və digər terroru dəstəkləyən təşkilatların xidmətindən istifadəsi mümkündür:
"Azərbaycan gənc dövlətdir və bütün dövlətlər kimi ölkəmiz də terror aktlarından sığortalanmayıb. Amerika kimi nəhəng bir dövləti terrorla lərzəyə salan qruplaşmalar Azərbaycan kimi kiçik bir ölkəni də terrorla üz-üzə qoya bilərlər. Əgər Hizbullah istəsə Azərbaycanda da belə bir terror aktı gerçəkləşdirə bilər. Bunun üçün də bizim güc strukturları, xüsusi xidmət orqanları ayıq-sayıq olmalıdırlar. Bu imkanı onlara verməməlidirlər və çalışmalıdırlar ki, bunun qarşısını almaq üçün önləyici tədbirlər görsünlər. Biz unutmamalıyıq ki, Bakının özündə də bir neçə terror hadisələri olub. Bakı Metropolitenin partladılması, Bakıda 106 saylı marşurutun partladılması kimi onlarla hadislər baş verib. Ona görə də biz bu cür halları diqqətdən qaçırmamalıyıq. Əgər belə bir məlumat varsa o məlumatlar incələnməlidir. Onun reallaşa biləcəyi istiqamətlər müəyyənləşməli və qabaqlayıcı tədbirlər görülməlidir. Azərbaycanla bağlı çox dövlətlərin maraqları var. Burada təmin olunan maraqlar da var təmin olunmayan da. Məsələn, elə ölkələr var ki, Azərbaycanın turizm imkanları genişlənməsi onların marağında deyil. Ola bilər ki, "Hizbullah" bu cür xaos yaratmaqla Azərbaycana həm iqtisadi, həm də mənəvi zərbə vurmaq istəyir. Bəzən Azərbaycanın atdığı siyasi və iqtisadi addımlar var ki, bu digər ölkələrin maraqları ilə üst-üstə düşmür. Buna görə də bəzi ölkələrin o maraqları önləmək üçün "Hizbullah" və digər terroru dəstəkləyən təşkilatların xidmətindən istifadəsi mümkündür".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, "Hizbullah"ın Azərbaycanın maraqları ilə bağlı hədəfləri yoxdur və ola da bilməz.
"Məndə olan məlumat görə, "Hizbullah" ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərmir. Bir neçə dəfə də bu haqda məlumat beynəlxalq mətbuatda dərc olunub. Ancaq digər bir tərəfdən də bir neçə faktın şahidiyik. Məxfi şəkildə hansısa bir fəaliyyət ola bilər. Bu elə bir məsələdir ki, burada ekspertlər birliyi, vətəndaş cəmiyyətinin təsisçiləri buna konkret bir şey deyə bilməzlər. Təbii ki belə bir məxfi məlumat mətbuata sızdırılıbsa bu barədə bizim xüsusi orqanlarımız qabaqlayıcı tədbirlər görürlər və görməlidir. "Hizbullah" yalnız Fələstin bölgəsində İsrailə qarşı cihad elan edib. Çünki orda söhbət müsəlman toplumunun, yəni ərəblərin, fələstinlilərin, şiə icmasının və digərlərinin hüquqlarının qorunmasından gedir. Başqa sözlə Azərbaycan dövlətinin ərazisi "Hizbullah"ın fəaliyyət dairəsinə düşmür. Bu təşkilatın nümayəndələri dəfələrlə bu barədə açıqlamalar veriblər. Onlar Azərbaycanda müsəlmanların haqqının tapdalanmadığını bildiriblər. Mən hesab edirəm ki, "Hizbullah"ın Azərbaycanın maraqları ilə bağlı hədəfləri yoxdur və olada bilməz.
T. Abbasovun fikrincə qərb kəşfiyyatı belə bir məlumatı sızdırıbsa gərək gizli kanallarla Azərbaycan tərəfi ilə də bu məsələlər razılaşdırılmalalıdır:
"Ancaq ola bilər ki, Hizbullah İsrailin maraqlarına zərbə vurmaq üçün bu cür aksiyalara əl atsın. Düzdür Azərbaycanda İsrail səfirliyi var. Bu ölkənin bir neçə şirkəti ölkəmizdə fəaliyyət göstərir. O baxımdan bu cür terror aktı ola bilər. Qərb kəşfiyyatı belə bir məlumatı sızdırıbsa gərək gizli kanallarla Azərbaycan tərəfi ilə də bu məsələlər razılaşdırılsın. İnanmıram ki, belə bir məlumat olduğu halda Azərbaycan tərəfi bu məsələyə laqeyd yanaşsızn. Bizim xüsusi orqanlarımız kifayət qədər hazırlıqlıdırlar və əgər bu təhlükə realdırsa Azərbaycan tərəfi lazımı tədbirlər görüb onun qarşısını alacaq".
Xatırladaq ki, bir müddət öncə Azərbaycan xüsusi xidmət orqanları İsrail və ABŞ kəşfiyyatlarının dəstəyi ilə "Hizbullah"ın Bakıda planlaşdırdığı bir neçə terror aktının qarşısını alıb. Ancaq Bakıdakı İsrail səfirliyini partlatmağı planlaşdıran iki "Hizbullah" mənsubunun həbsindən sonra İranın vasitəçiliyi ilə təşkilatın lideri Həsən Nəsrullahla Azərbaycan tərəfi arasında qeyri-rəsmi razılaşmanın əldə olunduğu haqda bir müddət əvvəl Qərb mənbələri xəbər yaymışdı.
Bu xəbərə əsasən Azərbaycan "Hizbullah"çıları İrana təhvil verib, təşkilat isə Azərbaycanda terror hücumları həyata keçirmək səylərini dayandırmağa söz verib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00