“Qarabağı qaytarmaq üçün Rusiyanı maraqlı etmək lazımdır” - AÇIQLAMA

Qabil Hüseynli: “ATƏT-in Minsk Qrupu isə ləğv edilməlidir”

"Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq qurumlardan asılı deyil. ATƏT-in Minsk Qrupu da bu müstəvidə münaqişənin həllinə səthü münasibət bəsləyir" - politoloq Qabil Hüseynli "OLAYLAR"a açıqalmasında belə deyib. Q.Hüseynlinin dediyi sözlərə görə, beynəlxalq qurumlar indiyədək sübut ediblər ki, Dağlıq Qarabağa dair aparılan danışıqlarda vasitəçilik missiyasından o tərəfə getmək fikirləri yoxdur. Politoloq hesab edir ki, məsələdə hansı tərəfin ədaləti, yaxud ədalətsiz olması onlar üçün maraqlı deyil: "Beynəlxalq qurumlar isə həll prosesində Azərbaycana təzyiq etmək ənənəsindən geri çəkilmirlər. Ona görə də münaqişənin həllində ATƏT-in Minsk Qrupundan nəsə gözləmək lazım deyil. Dünya ictimaiyyəti də bilir ki, Dağlıq Qarabağın Azərbaycana geri qaytarılması Rusiyadan asılı olan məsələdir. Həllə nail olmaq üçün Rusiya ilə danışıqlar aparılmalıdır. Kremli münaqişənin həlli məsələsində maraqlı etmək lazımdır. Bu istiqamətdə aparılan işlər uğurlu olsa, münaqişənin həllinə nail olmaq mümkündür. ATƏT-in Minsk Qrupunu isə ləğv etmək lazımdır. Lakin bu mümkün deyil. Çünki qurum BMT-nin təşəbbüsü ilə yaradılıb. Minsk Qrupu Rusiyaya da lazımdır ki, o qurumun kölgəsi altında qeyri-qanuni işlərini həyata keçirə bilsin". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00