“Şəxsiyyətlər” jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimi keçirilib

Ramiz Mehdiyev: “Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib”

Bu gün "Şəxsiyyətlər" jurnalının Azərbaycan Respublikasının prezidenti İlham Əliyev haqda xüsusi buraxılışına həsr edilmiş tədbir keçirilib. Tədbirin əvvəlində İlham Əliyevin fəaliyyətinə həsr edilən qısametrajlı film təqdim edilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açıb. R.Mehdiyev çıxışında İlham Əliyevin ictimai-siyasi, iqtisadi və mədəni həyatdakı rolundna danışıb, MDB və Cənubi Qafqazda Azərbaycanın ən yüksək strateji mövqeyə malik olduğunu söyləyib. O Azərbaycanda həyata keçirilən uğurlu siyasətin ölkə xaricində də böyük maraqla izlənildiyini deyib: "Ölkəmizdə qısa müddət ərzində prezident İlham Əliyev tərəfindən aparılan islahatlar xarici ölkələrin də marağına səbəb olub. Modernizm siyasətinin nəticəsi kimi bu gün Azərbaycan nəinki Şərq, həmçinin Qərbin qabaqcıl ideyalarının tərənnümçüsüdü. Azərbaycan heç vaxt dövlətlərarası konflikt məkanına çevrilməyib, çevrilməyəcək də. Ölkəmiz üçün dini və irqi ayrı-seçkiliyin olmaması rəhbər şüarlardan biridi. Heydər Əliyevin yaratdığı uğurlu siyasi kurs bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir". R.Mehdiyev prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində böyük uğurlara imza atdığını vurğulayıb: "Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan inkişaf modeli bu gün dünyada diqqətlə öyrənilir. Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib. Bu gün Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də kosmik ölkədir".  "Şəxsiyyətlər" jurnalının baş redaktoru Yuriy Beletskiyə söz verilib. Y.Beletski İlham Əliyevin ölkədaxili və ölkə xaricindəki uğurlu siyasətindən  söz açaraq bu münasibətlə jurnalın son nömrəsinin prezidentin avtobioqrafiyasına həsr edildiyini deyib. Jurnalda Heydər Əliyevin hakimiyyət illərində Azərbaycanda apardığı uğurlu siyasət, islahatlar, beynəlxalq görüşləri, müxtəlif xarici ölkələrlə bağladığı ikitərəfli və çoxtərəfli müvaqilələr haqda məlumat verilir. Jurnalda İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi, Heydər Əliyev kursunu uğurla davam etdirməsi, həyatı haqqında da dolğun məlumatlar yer alır. Bundan başqa Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər də təqdir edilir. Baş redaktor çıxışında jurnalın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri haqda da məlumat verib. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edib. Heydər Əliyevi müasir Azərbaycanın memarı adlandıran A.Əlizadə ölkəmizin bu səviyyəyə çatmasında mərhum prezidentin rolunun danılmaz olduğunu vurğulayıb: "Bu gün Heydər Əliyevin illər öncə apardığı uğurlu siyasətin davamçısı İlham Əliyevdi. Prezident İlham Əliyevlə Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Bəzi politoloqlar hesab edirdilər ki, XX əsrin başa çatması ilə şəxsiyyətlərin rolu başa çatıb, artıq qloballaşan dünyada menecerlərin dövrü başlayır. Lakin Azərbaycanda İlham Əliyev, Almaniyada Angele Merkel və digər siyasi liderlər bunun belə olmadığını ortaya qoydular. Yeni əsrdə yeni çağırışlar var və bunun üçün də İlham Əliyev kimi liderlərə ehtiyac var. İlham Əliyev ölkənin modernləşdirilməsi kursunu seçib və bu kursun əsasında Azərbaycan xalqının maraqları, mənafeləri dayanır. Stabil və davamlı inkişaf edən iqtisadiyyatın əsası qoyulub. Uğurlu daxili və xarici siyasət həyata keçirilir. Günü-gündən vətəndaşların sosial rihafı artır, abadlıq, yenidənqurma işləri də göz qabağındadı. Neft sektorunda aparılan siyasət də öz uğurlu nəticəsini göstərir. İlham Əliyev bu gün ən uğurlu siyasi liderlərdən biri hesab edilməlidi. 2003-cü ildən etibarən cənab prezidentimiz ictimai-siyasi, iqtisadi və mədəni həyatımızda bir sıra uğurlu işlərə imza atıb, Azərbaycanı regionun mədəni mərkəzinə çevirib. Bu gün Azərbaycan bir çox mötəbər tədbirlərə ev sahibliyi edir". "Şəxsiyyətlər" jurnalının xüsusi buraxılışına həsr edilən tədbirdə Ukrayna Kitab Çapı və Yayımı Assosiasiyasının prezidenti Aleksandr Afonin, Ukrayna Milli Teleradio Komitəsinin nümayəndəsi Tatyana Demçenko Azərbaycan Yazıçılar  Birliyinin sədri Anar, millət vəkilləri, media kapitanları və digər rəsmi şəxslər iştirak edib.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00