“Qərbin nüfuz dairəsində olan “hoca” Ərdoğanı təhdid edir” - FİKİR
Seymur Həsənli: “Qərb ölkələrinin hər birində böyük məbləğdə rüşvət məsələsi mövcuddur”
26 Dekabr 2013 16:00 Siyasət"Bu gün Türkiyədə əmniyyətin (polis) nurçu-fətullahçı sistemin (camaatçı qüvvələrin) təsir dairəsində və ya nəzarətində olduğu barədə dəfələrlə deylib və yazılıb. Bunu isbatlayan bir çox sübutlar da mövcuddur" bu sözləri "OLAYLAR"a açıqlamasında Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Həsənli deyib.
Seymur Həsənli hesab edir ki, son baş verən hadisələr və çıxan nəticələr bir sıra qaranlıq məqamlara aydınlıq gətirmək baxımından önəmli oldu. Bir sözlə, hökumətdə olan iki qüvvə arasında başlayan savaş açıq müstəviyə keçdi. Seymur Həsənlinin sözlərinə görə, AKP-li millət vəkili və Fətullah Gülənin sadiq adamlarından olan Hakan Şükürün istefası və istefa səbəblərini açıqlaması, yeni savaşın başlanğıcına bir işarə oldu.
"Rüşvət və qaçaqmalçılıqla bağlı məsələnin izlənilməsinin bir il öncədən başladığı deyilməsi də doğru deyil. Ümumiyyətlə, regionda mövcud olan ölkələrin hər birində, o cümlədən ABŞ-ın və ya Qərb ölkələrinin hər birində böyük miqdarda rüşvət məsələsi mövcuddur. Ticarətdə səviyyəsinə görə ilk on yerdə gedən sahələrin hər birində böyük miqdarda rüşvət halları var və bunlar birbaşa dövlətlərin nəzarətindədir" deyə, Seymur Həsənli öz fikirlərini ifadə edib. Seymur Həsənli Türkiyədə baş verən hadisələri media orqanlarına verilən mesaj hesab edir: "Türkiyədə həmin olay rüşvət halının yalnız həmin şəxslərlə bağlı olduğunu və onların həbsi ilə bitəcəyini demək sadəcə gülüncdür. Bu həbslər, sadəcə dərsanələrin bağlanması, nurçu-fətullahçı qüvvələrə məxsus bəzi media orqanlarına təzyiqlərlə bağlı verilən mesaj idi".
Seymur Həsənli hesab edir ki, əgər proseslər bir il öncədən başlasaydı, daxili işlər naziri öz tabeliyində olan polisin onun oğlunu nəzarətdə saxladığını bilərdi. Hadisə baş verən gecə şok yaşamazdı: "Cinayət işini aparan İstanbul baş prokurorundan iş alınmazdı. Baş verənlərin aşkarlanmasına səbəb olanlar və konkret tapşırıq verənlər vəzifəsindən kənarlaşdırılmazdı. Daxili işlər naziri 81 əmniyyət müdiri ilə bağlı araşdırmalara başlamazdı. Ən əsası bu sahədə təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa getməzdi".
Sevda Qurbanqızı