Musa Qasımlı: “Həmsədrlərin səfərləri turist səfərini xatırladır” - AÇIQLAMA
26 Dekabr 2013 15:55 SiyasətArtıq 2013-cü ili bitirməyimizə sayılı günlər qalıb. 2013-cü ili sona çatdırsaq da işğalçı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız yenə əsirlikdə qarşılayır yeni ili. 2013-cü il Dağlıq Qarabağ məsələsinin həll olunması istiqamətində nə dərəcədə uğurlu oldu? Hansı irəliləyişlər əldə olundu? 2014-cü ildən nələri gözləmək olar? Bu kimi suallarla millət vəkili, professor Musa Qasımlıya müraciət etdik. Millət vəkili bildirib ki, 2013-cü il Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir yeniliklə yadda qalmadı. Musa Qasımlı bunun səbəbi kimi isə işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyini əsas səbəb kimi göstərib: "Bunun da başlıca səbəbi Ermənistanın təcavüzkar siyasəti və işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq istəməməsidir". Millət vəkili ATƏT-in Minsk qrupunun həmsədrlərinin də fəaliyyətsizliyinə diqqət çəkib: "Münaqişənin həlli üçün mandat verilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri də fəaliyyətsizlik nümayiş etdirdilər. Onların səfərləri az qala turist səfərlərini xatırlatdı. Ümid edirəm ki, 2014-cü ildə ATƏT-in Minsk qrupu fəaliyyətini genişləndirəcək. Ermənistana, təcavüzkara təzyiq edəcək, regionun inkişafına, bütövlükdə Avropaya inteqrasiyaya mane olan Ermənistanın təcavüzkar siyasətini yerində oturdacaq".("OLAYLAR" İA)