İctimai Palata da radikallara uğur gətirməyəcək

"Milli Şurada bir araya gəlib, amma əvvəlindən sonunadək bir ola bilməyənlər indi də İctimai Palata adlı çoxdan unudulmuş, fiaskoya uğramış bir quruma yenidən can, süni nəfəs vermək üçün bir-biriləri ilə mübarizə qalxıblar". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, görünən odur ki, Milli Şura adlı növbəti uğursuz bir qurumun yaradıcılarından olan Müsavat Partiyası həmin təşkilatın buraxılmasında və daha çox təsir gücü olan İctimai Palatanı yenidən dirçəltməkdə, AXCP isə özünün daha çox təsir dairəsi altında olduğu həmin Şuranın qalmasında və İctimai Palatanın buraxılmasında maraqlıdır: "Odur ki, hər iki partiya və onun təmsilçiləri, başbilənləri həmişəki kimi öz dar şəxsi maraqlarından çıxış edərək bir-birilərinə qarşı növbəti savaş elan ediblər. Əslində müsavatçılarla AXCP-çilər, xüsusən, həmin təşkilatları çox çıxılmaz, nüfuzsuz bir hala gətirmiş "liderlər" qəbul etmək və anlamaq istəmirlər ki, bütün bu cəhdlər əbəsdir, daha doğrusu, həmin qurumların - İctimai Palata ilə Milli Şuranın hər ikisi siyasi səhnədən getməyə məhkumdurlar və artıq belə demək mümkünsə, yarandıqları gündən öz varlıqlarına son qoyublar".Onun sözlərinə görə, istər İctimai Palata, istərsə də Milli Şura olsun, onlar hər ikisi heç zaman Azərbaycan ictimai-siyasi rəyinə, ölkədəki ictimai-siyasi proseslərə təsir etmək gücünə, qabiliyyətinə malik olmayıblar. Hər iki qurum sadəcə, onlardan əvvəl yaranmışların və tezliklə də siyasi səhnədən tarixin arxivinə getmişlərin daha pis, daha uğursuz bir formada təkrarı idi və qeyd etdiyim kimi də, yarandıqları gündən onların heç nəyə qadir olmayacaqları ortada və bəlli idi: "Son prezident seçkiləri də bir daha bunu sübut etdi, İctimai Palatadan Milli Şuraya "transfer olunanlar" 9 oktyabr seçkilərində növbəti məğlubiyyət acısını, uğursuzluq, etimadsızlıq, fiasko yaşadılar. Çünki həmin təşkilatlar və onlarda təmsil olunanlar çoxdan Azərbaycan cəmiyyətinin güvənini, etimadını və etibarını itirmişdilər. Azərbaycan xalqı onlara hələ 1993-cü və 2003-cü illərdən öz etimadsızlığını nümayiş etdirmişdi. Xalqımız, Azərbaycan seçiciləri son seçkilərdə də bir daha öz dəyişməz mövqeyinin üstündə qaldığını, bu mövqeyində israrlı və qərarlı olduğunu ortaya qoymuş oldu. Bu baxımdan, radikal müxalifətçilər bundan sonra hansı addımı atırlar-atsınlar, hansı təmtəraqlı və dəbdəbəli ad daşıyan qurumda birləşirlər-birləşsinlər, yaxud, köhnəsini bərpa etsinlər, heç bir xeyri olmayacaq. Bu siyasətlə onlar bu günə kimi heç nəyə nail ola bilmədikləri kimi, bundan sonra da heç nə əldə edə bilməyəcəklər. Çünki Azərbaycan cəmiyyəti - bir daha qeyd edirəm, radikallara və radikalizmə çoxdan birmənalı "yox" deyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00