“Bu təkcə korrupsiya faktı deyil”
Mübariz Əhmədoğlu: “Gülənin atdığı addım bütün Türkiyə tarixinə və Türkiyə dövlətçiliyinə qarşı atılmış addımdır”
26 Dekabr 2013 12:08 Siyasət"Türkiyədə onsuz da problemlər var. Türkiyə dövlətçiliyinin ideoloji əsaslarında müəyyən çatışmazlıqlar var. Türkiyə kimi böyük dövlətin təəssüf ki bu günə qədər ideoloji bütövlüyü yoxdur. Yəni bütün bunlara da korrupsiya ilə də mübarizə əlavə olundu". Bu sözləri "OLAYLAR"a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu Türkiyədə baş verən korrupsiya hadisələrinin nurçuların əmri ilə həyata keçirildiyini deyib: "Nurçuların lideri Türkiyədə vəzifədə olan bir sıra nurçulara əmr elədi ki, Türkiyə dövlətçiliyinin əleyhinə getsin. Gülənin atdığı addım bütün Türkiyə tarixinə və Türkiyə dövlətçiliyinə qarşı atılmış addımdır".
Politoloq baş verən xoşagəlməz hadisələrin sadəcə korrupsiya faktı olduğunu düşünmür: "Mən bunu sadəcə korrupsiya faktı kimi qəbul eləmirəm. Yəni Türkiyə cəmiyyətində həmişə korrupsiya olub. Bu gün o korrupsiya faktlarını korrupsiyaya qarşı mübarizə aparmaq üçün aşkarlamayıblar. Onlar korrupsiya faktlarını ona görə aşkarladılar ki, yüksək çinli dövlət məmurlarını, hakim partiyanı ləkələməklə dövlətçilik siyasətinə zərbə vursunlar".
Mübariz Əhmədoğlu Türkiyə prezidenti Abdullah Gülün rüşvət və korrupsiya hadisələri ilə bağlı verdiyi açıqlamanı ümumi bir fikir kimi dəyərləndirib: "Bu rakursdan da Türkiyə prezidenti Abdullah Gülün bəyanatını normal qiymətləndirirəm. Türkiyənin baş naziri Ərdoğan da təxminən eyni mövqedədir. Yəni istənilən dövlət başçısı belə bir mövqe ifadə edərdi. Abdullah Gülün mövqeyi ümumi mövqedir və qəbul olunmuş bur fikirdir ki, harda korrupsiya varsa ona qarşı mübarizə aparılmalıdır".
Məlumat üçün qeyd edək ki, dekabrın 24-də Türkiyə prezidenti Abdullah Gül Türkiyədə baş verən rüşvət və korrupsiya hadisələri ilə bağlı ilk dəfə olaraq danışıb.
Prezident bildirib ki, ortada korrupsiya faktı varsa, bunun üstü örtülə bilməz və bu mövzuda hər kəs arxayın olmalıdır.
A.Gül bu məsələ ilə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanla da görüşüb danışdığını, ehtiyac duyulan açıqlamanı baş nazirin Pakistan səfərindən sonra verəcəyini qeyd edib. Prezident eyni zamanda onu da bildirib ki, ölkədə məhkəmə sistemi azaddır və bunun nəticəsini hər kəs görəcək.("OLAYLAR" İA)